İQTİSADİYYAT
AZƏRBAYCANDA DAŞINMAZ ƏMLAKIN QEYDİYYATINDA HEÇ BİR PROBLEM YOXDUR
Bakı, 24 aprel (AZƏRTAC). Artiq ölkədə daşınmaz əmlakın qeydiyyata alınması sahəsində heç bir problem yoxdur.
Bunu jurnalistlərə açıqlamasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) rəisi Arif Qaraşov bildirmişdir. Xidmətin ölkənin 53 şəhər və rayonunda fəaliyyət göstərən ərazi idarələrinin müasir informasiya texnologiyaları avadanlıqları ilə təmin olunduğunu deyən A.Qaraşov, hər yerdə mütəxəssislərin öz vəzifələrinin öhdəsindən layiqincə gəldiyini vurğulamışdır. DƏDRX rəisi bununla belə, yerlərdə əhalinin mülkiyyətində olan əmlakın tam sərəncamçısı kimi çıxış edə bilməməsindən təəssüfləndiyini diqqətə çatdırmışdır. Qeyd etmişdir ki, onlar mülkiyyətlərində olan əmlakların dövlət qeydiyyatına alınmasına maraq göstərmir, nəticədə mülkiyyətlərini fəallaşdıra bilmirlər. Məhz bu səbəbdən Azərbaycanda daşınmaz əmlakın ümumi iqtisadi proseslərdə rolu istənilən səviyyədə deyildir.