AZƏRBAYCANDA DEMOKRATİK DƏYƏRLƏRİN BƏRQƏRAR OLMASI ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
AZƏRTAC xəbər verir ki, bu fikir Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 85-ci ildönümünə həsr edilmiş tədbirdə vurğulanmış, ulu öndərin ölkəmizin hərtərəfli inkişafı, milli dövlət quruculuğu və xalqımızın rifahının yüksəldilməsi sahəsində misilsiz xidmətlərindən, müdrik dövlət xadimi və dünya miqyaslı siyasətçi kimi fəaliyyətinin ayrı-ayrı istiqamətlərindən söz açılmışdır.
Ulu öndərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Bildirilmişdir ki, əsrlər boyu müstəqillik amalı ilə yaşayan və azadlıq uğrunda dəfələrlə mübarizəyə qalxan xalqımız bu müqəddəs arzunu məhz Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdirə bilmişdir. Heydər Əliyev mənalı ömrünü hədsiz dərəcədə sevdiyi Vətənin tərəqqisinə həsr etməklə, hələ sovet hakimiyyəti dövründən başlayaraq uzaqgörənliklə dövlət müstəqilliyimiz üçün zəmin hazırlamış, bu gün çoxlarının həsəd apardığı Azərbaycan xalqının böyük iqtisadi, elmi və mədəni potensialını yaratmışdır. Müstəqillik yolunda ilk addımlarını atarkən xarici və daxili təzyiqlərə, xəyanətkar qəsdlərə məruz qalan milli dövlətçiliyimiz məhz ulu öndərin müdrikliyinin, fədakarlığının, qətiyyətinin və yenilməz iradəsinin sayəsində xilas olaraq, yeni inkişaf dövrünə qədəm qoymuş, müstəqilliyimiz dönməz xarakter almışdır.
Ümummilli lider Heydər Əliyev siyasi kursunun, idarəçilik məktəbinin layiqli davamçısı Prezident İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün bərpasında, dövlət müstəqilliyi və suverenliyinin qorunmasında tutduğu prinsipial mövqeni, vətəndaşlara göstərdiyi qayğını, Azərbaycanın sosial-iqtisadi inkişafı istiqamətində həyata keçirdiyi tədbirləri yüksək dəyərləndirən tədbir iştirakçıları dövlətimizin başçısına uğurlar arzulamışlar.