ELM VƏ TƏHSİL
“AZƏRBAYCANDA DÖVLƏT QURUCULUĞU VƏ DÖVLƏT İDARƏETMƏSİNİN AKTUAL PROBLEMLƏRİ” MÖVZUSUNDA ELMİ KONFRANS KEÇİRİLMİŞDİR
Akademiyanın rektoru, əməkdar elm xadimi, professor Seyfəddin Qəndilov konfransı açaraq xalqımızın ümummilli lideri Heydər Əliyevin böyük diqqət və qayğısının təzahürü olan bu təhsil ocağında gənclərin yüksək səviyyədə təhsil almaları və hərtərəfli inkişaf etmələri üçün hər cür şərait yaradıldığını bildirmişdir.
Dövlət quruculuğunun elmi əsaslarının əxz edilməsində görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyət və təcrübəsinin mükəmməl öyrənilməsinin vacibliyini vurğulayan natiq, bundan sonra da həmin təcrübədən bəhrələnərək dövlət quruculuğu sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə böyük işlər görüləcəyindən və bu işlərin elmi tədqiqat mövzularında öz əksini tapacağından danışmışdır.
Rektor eyni zamanda, tələbə gənclərin elmi-tədqiqat işlərinə böyük maraq göstərməsinin diqqətəlayiq hal olduğunu vurğulamış, konfransın işinə uğurlar arzulamışdır.
Akademiya Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Sevil Məmmədova öz məruzəsində dövlət idarəetmə istiqamətində dünya şöhrətli siyasi xadim Heydər Əliyevin gördüyü işlərdən, bu sahədəki aktual problemlərdən söz açmış, cəmiyyətin fəaliyyəti barədə geniş məlumat vermişdir.
İnzibati idarəetmə fakültəsinin tələbəsi Mehriban Nağıyeva “İnhisarlar və dövlətin antiinhisar siyasəti”, siyasi idarəetmə fakültəsinin tələbəsi Şəfa Qardaşova “Azərbaycan Respublikasının qloballaşma proseslərinə inteqrasiyasının siyasi aspektləri”, magistr Müşfiq Qurbanov “Müasir terrorizmin səbəbləri və formaları” mövzusunda çıxış etmişlər.
Konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.