Azərbaycanda əhalinin icbari tibbi dispanserizasiyasına başlanılıb
Bakı, 4 fevral, AZƏRTAC
Səhiyyə Nazirliyi tərəfindən “Sağlamlıq aylığı” elan olunaraq, əhalinin icbari tibbi dispanserizasiyasına start verildi.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması, müalicəsi və profilaktikası məqsədilə ölkəmizdə “Sağlamlıq aylığı”nın həyata keçirilməsi artıq ənənəvi hal alıb.
Azərbaycan Respublikası Prezidentinin tapşırığını rəhbər tutaraq 2015-ci il fevralın 1-dən mart ayının 31-dək ölkə əhalisinin tibbi müayinələrdən keçirilməsi Səhiyyə Nazirliyinin tibbi yardımın təşkili şöbəsinə tapşırılıb.
Bu münasibətlə Səhiyyə Nazirliyində şəhər və rayonlardakı tibb müəssisələri rəhbərlərinin iştirakı ilə geniş toplantı keçirilib. İclasda tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov 2014-cü ilin dekabr ayında keçirilən “Sağlamlıq aylığı” çərçivəsində ölkə üzrə 5 milyon 240 minədək, Bakı şəhəri üzrə 1 milyon 250 minə yaxın vətəndaşın tibbi müayinələrdən keçməsini bildirib. Qeyd olunub ki, ümumilikdə müayinələrdən keçmiş əhalinin təqribən 10 faizində müxtəlif xəstəliklər aşkarlanıb. Xəstələr müayinələrə cəlb olunub, bir qismi isə dispanser qeydiyyata götürülüb.
Səhiyyə Nazirliyi tələbat yaranarsa, bölgələrə tibbi heyətin göndərilməsini də planlaşdırır.