AZƏRBAYCANDA EKOLOJİ TARAZLIĞIN QORUNMASI SAHƏSİNDƏ İŞLƏR İNTENSİVLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında 2007-ci il və 2008-ci ilin birinci rübünün yekunlarına dair mətbuat konfransı keçirmişdir.
Ötən dövrdə nazirliyin bütün fəaliyyət istiqamətlərində işlərin intensivləşdiyini qeyd edən nazir bildirmişdir ki, ilk növbədə sahə ilə bağlı ölkə qanunvericiliyi təkmilləşdirilmiş, mövcud boşluqların aradan qaldırılması üçün onlara əlavə və dəyişikliklər edilmişdir. Cinayət və İnzibati Xətalar Məcəllələrində ekoloji hüquqpozmalarla bağlı cərimələrin sərtləşdirilməsi nəticəsində Ətraf Mühitin Mühafizəsi Fonduna daxilolmalar cari ilin birinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə təqribən 2,5 dəfə artmışdır. Ötən il dövlət başçısının ekologiya və təbii sərvətlərlə bağlı imzaladığı 2 sərəncamını xatırladan H.Bağırov həm palçıq vulkanlarının, həm də milli parkların mühafizəsində onların xüsusi əhəmiyyətini qeyd etmişdir. 2003-cü ildən bəri 8 milli parkın, 4 qoruğun, 3 yasaqlığın yaradıldığı, 5 qoruq ərazisinin genişləndirildiyi, ümumilikdə 730 min hektardan artıq ərazinin mühafizə olunan sahəyə çevrildiyi bildirilmişdir.
Ətraf mühitin mühafizəsi məqsədilə hesabat dövründə 4751 ekoloji hüquqpozmaların qeydə alındığı, 846 məcburi göstərişin verildiyi, 1446 işin hüquq mühafizə orqanlarına göndərildiyi, 5880 iş üzrə isə 1 milyon 712 min 266 manat məbləğində cərimə tətbiq edilməsi barədə iddia qaldırıldığı nəzərə çatdırılmışdır. Nəticədə 2007-ci ildə Ətraf Mühitin Mühafizəsi Fonduna 500 min manata yaxın vəsait köçürülmüşdür.
Nazirlik tərəfindən meşə bərpa işlərinin uğurla davam etdirildiyi, 10 min 500 hektar sahədə bərpa işlərinin aparıldığı, 4350 hektar ərazidə yeni meşələrin salındığı vurğulanmışdır. Cari ilin 3 ayı ərzində 100-dək meşə işçisinə mühafizə zamanı işdə yol verilən nöqsanlara görə inzibati cəza tədbirlərinin tətbiq edildiyi də nəzərə çatdırılmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Hərəmiz bir ağac əkək” aksiyasının əhəmiyyətindən danışan nazir, 6 milyon ağacın əkildiyini bildirmişdir. Qeyd olunmuşdur ki, ətraf mühitin qorunmasına, insanların sağlamlığına xidmət göstərən bu kampaniyanın geniş ictimaiyyət tərəfindən dəstəklənməsi Azərbaycanın yaşıllıqlar diyarına çevrilməsi istiqamətində atılmış nümunəvi addım kimi yüksək qiymətləndirilməlidir.
Ölkənin rayonlarının təbii qazla təmin edilməsi nəticəsində meşələrdə ağacların qanunsuz kəsilmə hallarının xeyli azaldığı, ötən dövrdə 6538 kubmetr oduncağın işbazlardan müsadirə olunduğu bildirilmişdir.
Hidrometeorologiya sahəsində Azərbaycanın qonşu ölkələrdən öndə getdiyi, müvafiq idarələrin nəzdində monitorinq xidmətinin fəaliyyət göstərdiyi, atmosferdən və sudan götürülən nümunələrin müntəzəm təhlil olunduğu, müasir avadanlıqla təchiz edilmiş laboratoriyalarda daha dəqiq məlumatlar əldə edildiyi, monitorinq şəbəkələrinin yardımı ilə bioloji nəzarətin təmin edildiyi nəzərə çatdırılmışdır.
Nazir bildirmişdir ki, həyata keçirilən bərpa işləri nəticəsində 8 iri şəhərdə, 27 müşahidə məntəqəsində 18-dən çox göstərici üzrə atmosfer havasının çirklənməsinin monitorinqi aparılmışdır. Əldə edilmiş nəticələr gündəlik və həftəlik bülletenlər, habelə internet saytları vasitəsilə ictimaiyyətə çatdırılmışdır. Respublikanın 27 çay, 1 liman, 10 gölü əhatə edən 42 su obyekti üzrə 47 müşahidə məntəqəsində təbii suların və torpaqların çirklənməsinin monitorinqi keçirilmişdir.
Geologiya sahəsində işlərin intensiv davam etdirildiyi, Xanlar, Daşkəsən, Oğuz, Qəbələ, Quba və Qusar rayonlarında yeni yataqların kəşfi istiqamətində uğurlu nəticələr əldə edildiyi qeyd edilmişdir.
Sonda H.Bağırov KİV nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır.