Azərbaycanda Elektron Səhiyyə Mərkəzi açılıb
Bakı, 29 dekabr, E.Hüseynov, AZƏRTAC
Dekabrın 29-da “Elektron Azərbaycan” Dövlət Proqramı çərçivəsində Səhiyyə Nazirliyinin Elektron Səhiyyə Mərkəzi açılıb.
AZƏRTAC xəbət verir ki, açılış mərasimində səhiyyə naziri Oqtay Şirəliyev, Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əliyev, Azərbaycan Tibb Universitetinin rektoru, akademik Əhliman Əmiraslanov və nazirliyin elmi-tədqiqat institutlarının rəhbərləri iştirak ediblər.
Səhiyyə Nazirinin nümayəndəsi Ləman Mursaqulova bildirib ki, mərkəzin yaradılmasında əsas məqsəd şəffaflığı qorumaq, vaxt itkisinə yol vermədən əhaliyə keyfiyyətli və səmərəli sosial xidmətlər göstərməkdir. Bir pəncərə sistemi ilə fəaliyyət göstərəcək mərkəzə müraciətə edən vətəndaş birbaşa məmurla deyil, xüsusi təcrübəli mütəxəssislərlə ünsiyyətdə olacaq.
Nazirliyə yazılı müraciət etmiş şəxslər xüsusi quraşdırılmış tabloda müraciətinin hansı mərhələdə olmasını öyrənə biləcəklər. Bütün prosedurlar peşəkar və xüsusi təlim keçmiş əməkdaşlar tərəfindən icra olunacaqdır. Mərkəzdə ümumilikdə əlaqələndirici, operator və texniki heyət nəzərə alınmaqla 10 nəfər əhaliyə xidmət edəcəkdir. Aşağı mərtəbədə xüsusi otaq nəzərdə tutulub. Burada problemli vətəndaşlar qəbul olunacaq və onlara lazımi yardım göstəriləcək. Eyni zamanda, bu mərtəbədə uşaqlı anaların rahatlığı üçün xüsusi guşə hazırlanıb.
Mərkəzdə vətəndaşlar işə qəbulla bağlı, tibb işçilərinin sertifikasiyadan keçməsi və ixtisas kurslarına göndərilməsi, lisenziyaların verilməsi və.s. xidmətlərdən yararlana biləcəklər.