AZƏRBAYCANDA ELEKTRON TƏHLÜKƏSİZLİK ÜZRƏ MİLLİ MƏRKƏZ YARADILACAQDIR
“Elektron Azərbaycan” Dövlət Proqramının icrası və respublikamızın Avropa Şurasının Kibercinayətkarlığa dair Konvensiyasına qoşulması ilə əlaqədar ölkədə Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz (Az-CERT) yaradılacaqdır. Mərkəz Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində fəaliyyət göstərəcək, informasiya təhlükəsizliyi ilə bağlı məsələlər üzrə aidiyyəti dövlət qurumları ilə əməkdaşlıq edəcəkdir.
Nazirlikdən AZƏRTAC-a bildirmişlər ki, Milli Mərkəz milli internet məkanına və mövcud informasiya sistemlərinə gözlənilməyən, təsadüfi və qərəzli müdaxilələr barədə məlumatlar toplayacaq, yarana biləcək fəsadların aradan qaldırılması üçün tövsiyələr hazırlayacaq, yardım göstərilməsi üçün öz xidmətlərini təklif edəcək, əhalini, dövlət və digər qurumları məlumatlandıracaqdır. Elektron Təhlükəsizlik üzrə Milli Mərkəz “az” domen zonasında fəaliyyət göstərəcək, saytların hazırlanması və istifadə zamanı texniki, texnoloji və proqramlaşdırma sahəsində mövcud boşluqların aradan qaldırılmasına yardımçı olacaqdır. Az-CERT kompyuter təhlükələrinin yaranmasında bu və ya digər formada iştirak edən şəxslərin və qurumların fəaliyyətinin dayandırılması, resursların bağlanılması, internet ünvanların bloklanması və s. səlahiyyətlərə malik olmayacaqdır. Belə hallarla əlaqədar hüquq mühafizə orqanlarına müraciət ediləcəkdir. Hazırda bu istiqamətdə dünya təcrübəsi öyrənilir.