Azərbaycanda gənc nəslin sağlamlığının qorunmasına xüsusi önəm verilir
Bakı, 31 may, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü və 26 iyun - Narkotiklərlə Mübarizə Gününə həsr olunmuş “Sağlam nəsil yetişdirmək üçün onları dinləmək lazımdır” mövzusunda tədbir keçirilib. Tədbir Narkotiklərə Qarşı Milli Təbliğat Ofisi və “Bizim Gənclik” İctimai Birliyi tərəfindən təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə Narkotiklərə Qarşı Milli Təbliğat Ofisinin rəhbəri Məzahir Əfəndiyev mövzunun aktuallığından danışıb, respublikamızda narkotiklərlə bağlı vəziyyətə dair 2016-2017-ci illər üçün hazırlanmış hesabatı təqdim edib. O, ölkəmizdə gənc nəslin sağlamlığına və təhsilinə xüsusi önəm verildiyini vurğulayıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov və digər çıxış edənlər gənc nəslin sağlamlığının qorunması, zərərli vərdişlərə, o cümlədən narkotiklərə qarşı mübarizə sahəsində aparılan maarifləndirmə tədbirlərinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.
Tədbirdə “Bizim Gənclik” İctimai Birliyinin bu il aprelin 11-də ölkəmizdə keçirilmiş prezident seçkiləri ilə əlaqədar “Mənim namizədim - İlham Əliyevdir!” devizi altında təşkil etdiyi bloqpost müsabiqəsinin qalibləri mükafatlandırılıblar.
Sonra Bakıdakı Rafiq Babayev adına 25 nömrəli 11 illik orta musiqi məktəbinin şagirdləri maraqlı konsert proqramı ilə çıxış ediblər.