Azərbaycanda Gənc Təlimçilər Şəbəkəsinin qurulmasına başlanmışdır
Bakı, 15 noyabr (AZƏRTAC). Gənclər üçün Təhsil Mərkəzi Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Gənc Təlimçilər Şəbəkəsinin qurulması” layihəsinə başlamışdır.
Mərkəzdən AZƏRTAC-a bildirilmişdir ki, ölkəmizdə ilk dəfə həyata keçirilən bu layihənin əsas məqsədi gənc təlimçilərin şəbəkələşməsinə, gənclər arasında qeyri-formal təhsil metodologiyasının təşviq olunmasına və təlimçilik bacarıqlarının inkişaf etdirilməsinə dəstək verməkdir.
Paytaxtla yanaşı, 7 müxtəlif regionda həyata keçiriləcək layihə çərçivəsində müxtəlif idarə, müəssisə və təşkilatlarda fəaliyyət göstərən gənc təlimçilərin bir araya gətirilməsi, yeni təlimçilərin formalaşdırılması, onlarla birgə qeyri-formal təhsil metodologiyasının yenidən işlənib hazırlanması və həyata keçirilməsi nəzərdə tutulur.
Yeni layihə təlimçilik fəaliyyəti ilə məşğul olan gənclərimizin bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə, onların fəaliyyətinin əlaqələndirilməsinə, yeni-yeni təlimçilərin meydana çıxmasına və ən əsası təlimçilik institutunun ciddi şəkildə inkişafına təkan verəcəkdir.
Yaxın günlərdə Azərbaycanda fəaliyyət göstərən gənc təlimçilərin məlumat bazasının hazırlanmasına, onlar arasında qiymətləndirmə sorğusunun keçirilməsinə, təlimçi olmaq istəyən gənclər üçün xüsusi proqramların və məsləhət saatlarının təşkilinə başlanılacaqdır.