AZƏRBAYCANDA İLK DƏFƏ HÜQUQŞÜNAS QADINLARIN BEYNƏLXALQ BAKI KONFRANSI ÖZ İŞİNƏ BAŞLAMIŞDIR
Konfransı Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə ATƏT-in Bakı ofisi, USAİD, Amerika və Avrasiya Hüquqşünaslar assosiasiyaları keçirirlər.
Dövlət Komitəsinin nümayəndəsi Vəfa Ələkbərova, Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov, ATƏT-in Bakı ofisinin əməkdaşı Robin Sivord, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müavini Con Polaşik və başqaları çıxış edərək bildirmişlər ki, məqsəd məişətdə qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması üçün qanunvericilik bazasının təkmilləşdirilməsinə nail olmaqdır. Natiqlər vurğulamışlar ki, konfrans çərçivəsində qlobal və milli səviyyədə qadın hüquqşünasların cəmiyyətdə rolu, perspektivlər və müəyyən hüquqi problemlər müzakirə ediləcəkdir.
Bölmə iclaslarında “Məişət zorakılığına effektiv cavab - ideya və strategiyalar”, “Gürcüstanın gender bərabərliyi qanunvericiliyi - konseptual struktur”, “Məişət zorakılığı ilə mübarizə”, “Azərbaycanın gender bərabərliyi qanunvericiliyi”, “Azərbaycanda məişət zorakılığı qanunvericiliyi”, “Hüquqi təcrübənin əsasının qurulması” və digər mövzularda məruzələr dinlənilmişdir.
Məruzəçilər qeyd etmişlər ki, zorakılığın aradan qaldırılması qanunla əsaslandırılmalıdır. Onlar qadın zorakılığının uşaqlara da mənfi təsirini vurğulayaraq bunun gənc nəsildə hansı formada öz əksini tapdığını araşdıracaqlarını bildirmişlər.
Tədbirdə dövlət orqanlarında çalışan xanım hüquqşünaslar, vəkillər, hakimlər, QHT və KİV nümayəndələri iştirak edirlər.
Konfrans öz işini noyabrın 28-də yekunlaşdıracaqdır.