Azərbaycanda ilk dəfə üç xəstəyə sümük iliyi köçürülüb
Bakı, 18 iyul (AZƏRTAC). Azərbaycanın təbabət tarixində ilk dəfə bu ilin mayında Respublika Talassemiya Mərkəzində qohum donorlardan götürülən sümük iliyinin üç xəstəyə köçürülməsi əməliyyatı icra olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə iyulun 18-də Respublika Talassemiya Mərkəzində Azərbaycanda ilk dəfə reallaşdırılan sümük iliyinin transplantasiyası əməliyyatı ilə bağlı keçirilən mətbuat konfransında məlumat verildi.
Mərkəzin direktoru Rauf Rzayev bildirdi ki, artıq azərbaycanlı həkimlər Belarusdan gələn mütəxəssislərlə birgə 3 xəstəyə sümük iliyi köçürüblər. Hazırda hər üç xəstənin vəziyyəti qənaətbəxşdir və evə buraxılmaq ərəfəsindədirlər. Bu, Azərbaycan səhiyyəsi üçün böyük uğurdur. Həm sümük iliyinin transplantasiyası əməliyyatı, həm də əməliyyatdan sonra xəstənin vəziyyətdən çıxarılması üçün tələb olunan vəsait Azərbaycan dövləti tərəfindən ödənilir.
Qeyd edildi ki, sümük iliyinin köçürülməsi nisbətən yeni tibbi prosedurdur. Bu mürəkkəb əməliyyat MDB ölkələrindən yalnız Rusiya Federasiyası, Ukrayna və Belarusda, ümumilikdə isə dünyanın 19 ölkəsində əvvəllər müalicə olunmayan xəstəliklərin müalicəsində tətbiq edilir. 1968-ci ildə ilk uğurlu köçürülmədən sonra sümük iliyi transplantasiyası leykoz (qan xərçəngi), aplastik anemiya və digər ağır xəstəliklərdən əziyyət çəkənlərin müalicəsi zamanı həyata keçirilir.
Bildirildi ki, donor şərti olaraq qohum və qeyri-qohum donorlara bölünür. Sümük iliyinin köçürülməsinə ehtiyacı olan şəxsin bacı və ya qardaşının sağlamlığı imkan vermədiyi halda Dünya Donorlar Bankının qeydiyyatındakı donor hüceyrələrindən istifadə edilir. Hazırda həmin bankda 25 milyonadək potensial donor var. Lakin bunun üçün sümük iliyi transplantasiyasını həyata keçirən dövlətin Dünya Donor Bankının qeydiyyat sisteminə daxil olması lazımdır. Azərbaycan isə hələlik Dünya Donor Bankının qeydiyyat sisteminə daxil deyil. Bu da yaxın gələcəyin işidir. Çünki qeydiyyata düşmək üçün ölkəmizdə bu sahə üzrə 100-dək əməliyyat aparılmalıdır.
Diqqətə çatdırıldı ki, 2013-cü ilin noyabrından indiyədək mərkəzə sümük iliyinin köçürülməsi ilə bağlı 24 xəstə müraciət edib.
Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin müdiri Nərgiz Əliyeva dedi ki, onların 10 nəfərində bacı və qardaşının donorluğunun mümkünlüyü qeydə alınıb. Müraciət edənlərin 14 nəfərində isə bacı və qardaş uyğunluğu müəyyən edilməyib.
Mərkəzin sümük iliyi transplantasiyası şöbəsinin həkimi Sahilə Sultanova isə əlavə etdi ki, növbəti sümük iliyinin köçürülməsi əməliyyatı bu ilin oktyabr ayının əvvəllərində dörd xəstənin üzərində aparılacaq.