Azərbaycanda ionlaşdırıcı şüalanmanın təsirlərinə dair yeni elmi tədqiqat aparılır
Bakı, 31 iyul, AZƏRTAC
“Ətraf mühitin əlverişsiz amillərinə qarşı adaptasiya proseslərində kollapsin-cavabı mediator zülalı 2-nin rolunun öyrənilməsi” mövzusunda elmi layihə nəticələrinin Azərbaycanda ekoloji çirklənmənin insan sağlamlığına mənfi təsirlərinin qiymətləndirilməsi və azaldılması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına, eyni zamanda, müasir biologiya sahəsində ölkənin elmi potensialının gücləndirilməsinə mühüm töhfə verəcəyi gözlənilir.
İnstitutundan AZƏRTAC-a bildirilib ki, layihə ionlaşdırıcı şüalanmanın canlı orqanizmlərə təsirinin molekulyar mexanizmlərinin öyrənilməsinə həsr olunub. Layihənin elmi rəhbəri Elm və Təhsil Nazirliyi Canlı Sistemlərin Tədqiqi İnstitutunun əməkdaşı biologiya elmləri doktoru Arif Mehdiyevdir.
Layihənin iştirakçısı Canlı Sistemlərin Tədqiqi İnstitutun dissertantı Afaq Nurullayevanın sözlərinə görə, ionlaşdırıcı şüalanma müasir dövrdə peşə fəaliyyəti, ətraf mühit və səhiyyə sahələrində aktual problemlərdən biri olaraq qalır. Tədqiqat çərçivəsində kollapsin-cavabı mediator zülalı 2 (KCMZ2) vasitəsilə orqanizmin yüksək dozalı qamma-radiasiyaya qarşı müdafiə mexanizmlərinin araşdırılması nəzərdə tutulur.
Elmi-texniki tərəqqinin sürətlənməsi ilə insanların şüalanmaya məruz qaldığı sahələrin də dairəsi genişlənir. Bunlara neft və qaz hasilatı kimi enerji sənayesi sahələri (burada təbii radioaktiv materiallarla – NORM – peşə məruziyyəti müşahidə olunur), kosmik uçuşlar, eləcə də radioterapiya kimi tibbi prosedurlar daxildir. Yüksək dozalı qamma-radiasiya hüceyrələrdə mikronüvələrin yaranmasına, xromosom aberasiyalarına və digər genetik zədələnmələrə səbəb ola bilər. Bu baxımdan KCMZ2 zülalının radiasiyaya qarşı hüceyrə müdafiəsində oynadığı rolun müəyyənləşdirilməsi həm fundamental biologiya, həm də gələcək tətbiqi tədqiqatlar üçün mühüm elmi əhəmiyyət daşıyır.
Layihənin nəticələrinin Azərbaycanda ekoloji çirklənmənin insan sağlamlığına mənfi təsirlərinin qiymətləndirilməsi və azaldılması istiqamətində yeni elmi yanaşmaların formalaşdırılmasına, eyni zamanda müasir biologiya sahəsində ölkənin elmi potensialının gücləndirilməsinə töhfə verəcəyi gözlənilir.
Müxbir - Tünzalə Zeyvəliyeva