Azərbaycanda mediasiya üzrə pilot layihə həyata keçiriləcək
Bakı, 30 yanvar, AZƏRTAC
Azərbaycanda mediasiya üzrə pilot layihə həyata keçiriləcək.
Azərbaycan Banklar Assosiasiyasından (ABA) AZƏRTAC-a bildirilib ki, Bank Ombudsmanı İkram Kərimov və məsul katib Elçin Həsənovla Dünya Bankının dəstəyi ilə ölkəmizdə mediasiya üzrə pilot layihəsinin həyata keçirilməsi üçün Rumıniyanın “AG” şirkətinin mediatoru Constantin-Adi Gavrila və mübahisələrin alternativ həlli üzrə müstəqil ekspert - mediator Ruslan Mirzəyev arasında görüş keçirilib. Məqsəd ölkəmizdə mediasiya sahəsində görülən işlər, vətəndaşlar arasında müəyyən mübahisələrin məhkəməyə getmədən mediasiya yolu ilə aradan qaldırılması sahəsində planlaşdırılmış tədbirlər və mediasiya xidmətinin müxtəlif formalarda göstərilməsinin dəstəklənməsi, bank mübahisələrinin mediasiya yolu ilə həll edilməsi barədə fikir mübadiləsi aparmaq olub.
Müzakirələr zamanı müasir dövrdə banklar ilə müştərilər arasında yaranan fikir ayrılıqlarının məhkəməyə getmədən həllinin böyük əhəmiyyət kəsb etdiyini xüsusi qeyd edən İ.Kərimov bank mübahisələrində mediasiyanın yüksək fayda verəcəyini bildirib.
Constantin-Adi Gavrila gələcəkdə Bank Ombudsmanının ofisində mediasiya mərkəzinin yaradılması, mediasiya sahəsində fəaliyyət göstərməsi üçün təcrübəli mediatorların seçilməsi və öyrədilməsi məqsədilə seminarların təşkil olunacağını qeyd edib.
Bank mübahisələrində mediasiya prosesi üçün lazım olan qaydaları, formaları və digər sənədləri əks etdirən Mediasiya Alətlər Toplusu hazırlanaraq tətbiq edilməsi üçün yaxın zamanda yenidən geniş heyətdə görüşün keçirilməsi və banklar üçün müvafiq təqdimatın göstərilməsinin məqsədəmüvafiq olması qərara alınıb.
Qeyd edək ki, Bank Ombudsmanının yaradılması haqqında qərar Azərbaycan Banklar Assosiasiyasının ümumi yığıncağında qəbul edilib. Hazırda Bank Ombudsmanı 25 bank və 2 bank olmayan kredit təşkilatı üzrə daxil olan məsələlərə baxır.