AZƏRBAYCANDA MƏTBUAT AZADLIĞININ BOĞULMASI İLƏ BAĞLI FİKİRLƏR ƏSASSIZDIR
ABŞ Prezidenti Corc Buşun Azərbaycanda mətbuatın vəziyyəti ilə bağlı tənqidi fikirləri ona verilmiş səhv məlumat əsasında səslənən bəyanatdır.
AZƏRTAC xəbər verir ki, bunu Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev mayın 3-də jurnalistlərə müsahibəsində demişdir.
İcra Aparatının rəhbəri əlavə etmişdir ki, ABŞ-ın dövlət katibi Kondoliza Rays da Azərbaycan haqqında çox qeyri-ciddi bəyanat vermişdir. Dövlət katibinin sözlərindən belə çıxır ki, guya Ermənistanda, Gürcüstanda ictimai-siyasi vəziyyət, ümumiyyətlə bütün məsələlər çox gözəl həll olunub, amma Azərbaycan regionda geridə qalan bir ölkədir. K.Raysın məntiqi ilə yanaşsaq, fevral-martda Ermənistanda baş vermiş hadisələr Azərbaycanda da baş verməlidir ki, bundan sonra o, Azərbaycan haqqında da yaxşı, müsbət bir fikir söyləsin. Mən bunu qeyri-ciddi bir bəyanat kimi qiymətləndirirəm.
R.Mehdiyev vurğulamışdır ki, hər dəfə ölkəmizdə seçkilər ərəfəsində müxtəlif beynəlxalq təşkilatlar, xarici qurumlar Azərbaycana müəyyən təzyiqlər göstərməyə çalışırlar. Bunda onların müəyyən məqsədləri vardır. Ancaq Azərbaycan ölkə Prezidentinin rəhbərliyi altında öz yolu ilə gedir.
İcra Aparatının rəhbəri bir daha bəyan etmişdir ki, qarşıdan gələn prezident seçkiləri normal, şəffaf, demokratik şəraitdə keçiriləcəkdir.
Azərbaycanda mətbuat azadlığı ilə bağlı suala cavabında R.Mehdiyev demişdir ki, ölkəmizdə bu sahədə vəziyyət çox normaldır, yaxşıdır. Azərbaycanda bu sahədə heç bir məhdudiyyət yoxdur, mətbuat inkişaf edir. 1990-cı illərin əvvəlləri ilə müqayisədə hazırda Azərbaycanda mətbuat və söz azadlığı çox genişdir. Ona görə Azərbaycanda mətbuatın azadlığının boğulması ilə bağlı olan müxtəlif fikirlər əsassızdır.
Bəzi qüvvələrin seçki prosesini pozmaq, “inqilab” etmək barədə niyyətlərinin ola biləcəyini vurğulayan Prezidentin İcra Aparatının rəhbəri demişdir ki, Azərbaycan çox qüdrətli dövlətdir və heç kim ölkədəki inkişafın qarşısını ala bilməz.
R.Mehdiyev Azərbaycanda ərzaq təhlükəsizliyi probleminin olması ilə bağlı fikirlərlə də razılaşmamış, bildirmişdir ki, bunlar cəfəngiyat, əsası olmayan, insanları aldatmaq üçün yayılan fikirlərdir.
######
