SİYASƏT
AZƏRBAYCANDA MİLLİ MESENATLARIN ƏNƏNƏLƏRİNİN DAVAMÇILARI VAR
Vətəndaşlarımızın bir çoxu elm, mədəniyyət və təhsilin inkişafı üçün görmüş məşhur mesenatların həyat və fəaliyyəti haqqında həqiqəti yalnız Azərbaycan müstəqilliyə qovuşduqdan sonra bilmişlər. Şübhəsiz ki, onlardan biri də görkəmli şəxsiyyət olan Hacı Zeynalabdin Tağıyevdir.
Hər il sentyabrın 1-də, mesenatın həyatdan köçdüyü gün alimlər, qohum-əqrəbası, qədirbilən vətəndaşlar Hacının əziz xatirəsini ehtiramla yad etmək üçün onun məzarı başına toplaşırlar.
Mərasimdə çıxış edənlər demişlər ki, Hacı Zeynalabdin Tağıyev bütün ömrü boyu xalqının qeydinə qalmışdır. O, fabrik və zavodlar tikdirməklə yanaşı, azərbaycanlı tələbələrin xaricdə təhsil almasını maliyyələşdirir, məktəblər və gimnaziya inşa etdirirdi. Vətən eşqi ilə yanan bu mesenatın xalqına təmənnasız xidmət etmək nümunəsi indi bir çox müasir iş adamları üçün örnək olmalıdır.
Hacl Zeynalabdin Tağıyevin xatirə mərkəzinin prezidenti Oqtay Salamzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirmişdir ki, Hacının dəfn olunduğu “Pirhəsən” qəbiristanında son vaxtlar geniş abadlıq işləri görülmüşdür. Azərbaycan Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev bu yaxınlarda Hacının məzarını ziyarət etmişdir. Qəbiristanın müdriyyəti İlham Əliyevdən xahiş etmişdi ki, Tağıyevin dəfn olunduğu ərazinin abadlaşdırılmasına kömək göstərsin. O vaxtdan ötən iki ay ərzində qəbiristana gedən yol təmir olunmuş, bütün kompleks abadlaşdırılmışdır. Burada işlər davam etdiriləcəkdir.
Mesenatın nəvəsi, mərasimdə iştirak edən Səfiyyə xanım babasının xatirəsinə göstərdiyi diqqətə görə İlham Əliyevə minnətdarlığını bildirmişdir.