CƏMİYYƏT
Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb
![](/files/galleryphoto/2020/1/1200x630/1580770274164025308_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807702745438224311_1200x630.jpg)
![](/files/galleryphoto/2020/1/1200x630/15807702745888347875_1200x630.jpg)
Bakı, 4 fevral, AZƏRTAC
Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında “2 fevral - Azərbaycan Gəncləri günü” münasibətilə Nərimanov rayon gənclərinin toplantısı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, bir sıra dövlət və qeyri-hökumət təşkilatlarının rəhbərləri, ali və orta ixtisas təhsil müəssisələrinin tələbə-gənclər təşkilatlarının sədr, sədr müavinləri, fəal üzvləri iştirak ediblər.
Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov müstəqil Azərbaycan gənclərini bu bayram günü münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov qeyd edib ki, ulu öndərimiz Heydər Əliyev həmişə gənclərə böyük inam göstərib: “Gənclər cəmiyyətimizin əksəriyyətini təşkil edir, onlar bizim bu günümüz, həm də gələcəyimizdir. Biz Azərbaycan dövləti, xalqımız gənclərə böyük ümidlə baxırıq”.
Ümummilli Liderimizin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün bütün sahələrdə olduğu kimi, gənclər siyasətinin uğurla davam etdirilməsinə xüsusi diqqət göstərir. Dövlətin gənclər siyasəti dövlətimizin başçısının rəhbərliyi ilə yeni mərhələdə daha da inkişaf edir. Bu gün Azərbaycanda gəncliyin potensialına böyük önəm verilməsi, onların qayğı və problemlərinin həll olunması, istək və arzularının reallaşması üçün hər cür əlverişli şərait var.
Toplantıda Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov bildirib ki, Azərbaycanda müasir gənclər hərəkatının inkişafı üçün dövlət səviyyəsində kifayət qədər işlər görülüb, gənclərin qeyri-hökumət təşkilatlarının yaradılması, fəaliyyətlərinin təşkili üçün sağlam mühit yaradılıb və hüquqi baza təkmilləşdirilib. Bu gün Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb.
Tədbirin sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi könüllülük fəaliyyətinə görə və “2 Fevral - Azərbaycan Gəncləri Günü” münasibətilə bir neçə gənc “İlin gənci” adına layiq görülüb.