Azərbaycanda multikulturalizm təcrübəsi barədə müzakirələr aparılıb
Bakı, 26 yanvar, AZƏRTAC
Yanvarın 26-da Qərb Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutu ilə birgə “Azərbaycanda multikulturalizm: təcrübə, tədris və tədqiqatlar” mövzusunda “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qərb Universitetinin rektoru Zenfira Məmmədova Prezident İlham Əliyev tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edildiyini xatırladıb.
Rektor qeyd edib ki, ölkəmiz çox qədim tarixə və zəngin mədəniyyətə, milli mənəvi dəyərlərə malikdir. Müxtəlif mədəniyyətlərə, dinlərə qarşılıqlı hörmət və ehtiram göstərmək Azərbaycan mədəniyyətinin əsasını təşkil edir.
Vurğulanıb ki, Azərbaycan tolerant dövlətdir, dünyada müxtəlif millətlərin nümayəndələrinin sülh, əmin-amanlıq, mehribanlıq şəraitində yaşadığı bir ölkə kimi tanınır.
Fəlsəfə və Hüquq İnstitutunun direktoru, professor İlham Məmmədzadə məruzəsində ümummilli lider Heydər Əliyevin elmə, təhsilə, mədəniyyətə xüsusi önəm verdiyini, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib.
Dövlətimizin başçısı tərəfindən 2016-cı ilin ölkədə “Multikulturalizm İli” elan edilməsinin əhəmiyyətindən danışan alim, eyni zamanda, mövzunun aktuallığını diqqətə çatdırıb. Müasir dünyada multikulturalizmin problemlərindən bəhs edən İ.Məmmədzadə Azərbaycanda multikulturalizmlə bağlı mühüm tədbirlərin reallaşdırıldığını söyləyib. Alim dünyanın ayrı-ayrı ölkələrinin universitetlərində Azərbaycanda multikultralizm modelinin xüsusi maraq doğurduğunu vurğulayıb.
“Dəyirmi masa”da “Multikulturalizm siyasəti: dünən, bu gün və sabah”, “Tərbiyə və multikultural dəyərlər”, “Multikulturalizm və milli dəyərlər” və digər mövzularda məruzələr dinlənilib. Azərbaycan multikulturalizminin əsasları, müasir dünyada baş verən ictimai-siyasi və sosial-iqtisadi proseslər fonunda multikulturalizmin yeri və rolu barədə müzakirələr aparılıb.