Azərbaycanda qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlər diqqət mərkəzindədir
Bakı, 31 yanvar, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəsi Quido Ambroso ilə görüşüb.
DMX-dən AZƏRTAC-a bildiriblər ki, Vüsal Hüseynov Dövlət Miqrasiya Xidməti ilə BMT QAK-ın Azərbaycandakı nümayəndəliyi arasında səmərəli əməkdaşlıq əlaqələrinə toxunub, ölkədə mövcud sığınacaq sisteminin təkmilləşdirilməsi ilə əlaqədar mühüm işlərin görüldüyünü, qaçqın statusu almış şəxslərin inteqrasiyası ilə bağlı məsələlərin diqqət mərkəzində olduğunu bildirib.
BMT QAK-ın Azərbaycandakı nümayəndəsi Quido Ambroso iki qurum arasında əlaqələrin müvəffəqiyyətlə davam etdirilməsinin zəruriliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.