AZƏRTAC xəbər verir ki, respublika Səhiyyə Nazirliyi QİÇS, Vərəm və Malyariya ilə Mübarizə Qlobal Fondunun dəstəyi ilə ölkəmizdə QİÇS-ə yoluxmuş xəstələrin antiretrovirus preparatlarla ilk dəfə pulsuz müalicəsinə başlamışdır. Noyabrda 4 xəstə müalicə kursu keçmişdir, ilin axırınadək isə daha 40 xəstə yüksək aktiv dərmanlarla müalicə olunmaq imkanı qazanacaqdır. QİÇS-lə mübarizə Milli Mərkəzində Ümumdünya QİÇS-lə mübarizə günü ilə əlaqədar dekabrın 1-də keçirilən mətbuat konfransında mərkəzin direktoru Həqiqət Qədirova bildirmişdir ki, hazırlanmaqda olan QİÇS-lə Mübarizə Milli Proqramında (2007-2011-ci illər) bu xəstəliyə yoluxanların pulsuz müalicəsinin dövlət tərəfindən maliyyələşdirilməsi haqqında bənd nəzərdə tutulmuşdur. Son illər Azərbaycanda immun çatışmazlığı virusuna (İÇV) xüsusilə narkomanlar arasında yoluxanların sayının artması müşahidə olunur. Noyabr ayının axırlarına olan məlumata görə, Azərbaycanda İÇV daşıyıcılarının ümumi sayı 1007 nəfərdir. Onların 54 nəfəri əcnəbi vətəndaşdır. İÇV daşıyıcılarının əksəriyyəti (66,1 faiz) bölgələrdə yaşayır. QİÇS-dən cəmi 111 adam ölmüş, 200 İÇV daşıyıcısı isə QİÇS mərhələsindədir.
Həqiqət Qədirova aparılan analizlərin dəqiqliyi haqqında suala cavab verərək demişdir ki, nazirliyin yaratdığı komissiya Mərkəzin əvvəlki rəhbərliyinin yol verdiyi pozuntuları aşkara çıxarmışdır. Təkrar analizlər nəticəsində əvvəllər xəstə diaqnozu qoyulmuş 65 nəfər qeydiyyatdan çıxarılmışdır. Hazırda daha 60 xəstənin analizləri yoxlanılır.
Mətbuat konfransında çıxış edən İÇV daşıyıcısı kütləvi informasiya vasitələri ilə gənc nəslə müraciət edərək, onları öz sağlamlıqlarına qayğı ilə yanaşmağa və təhlükəli xəstəliyin Azərbaycanda yayılmasına yol verməməyə çağırmışdır.