“Azərbaycanda rus dili – yeni üfüqlər” müsabiqəsinin birinci mərhələsinə yekun vurulub
Bakı, 5 may, AZƏRTAC
“Azərbaycanda rus dili - yeni üfüqlər” beynəlxalq müsabiqəsinin birinci mərhələsinin qaliblərinin adı açıqlanıb. “Mənim peşə yolum” mövzusunda ən yaxşı essenin müəllifləri - Azərbaycanın ümumtəhsil, orta ixtisas və ali məktəblərində işləyən rus dili və ədəbiyyatı müəllimləri olublar.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ümumilikdə təşkilat komitəsi iştirak üçün 77 müraciətə baxıb, onlardan 36-sı ikinci tura keçib.
Finalçılar Bakıda bu il iyunun 24, 25 və 26-da təşkil ediləcək ustad dərslərinə dəvət olunacaq, eləcə də ikinci turda əsas mükafat uğrunda mübarizə aparmaq fürsəti əldə edəcəklər. Həmin turda onlara öz dərslərindən videofraqmentlər təqdim etmək təklif olunacaq. “Rus dili - yeni üfüqlər” müsabiqəsinin 10 qalibinə tərifnamə veriləcək və onlar Rusiyaya ekskursiya-tanışlıq səfəri ilə mükafatlandırılacaqlar.
Layihə “Rus Humanitar Missiyası” qeyri-kommersiya təşkilatı tərəfindən “Rossotrudniçestvo”, Rusiyanın Azərbaycandakı səfirliyi, Rus dili və ədəbiyyatı Müəllimləri Beynəlxalq Assosiasiyası, Azərbaycanın Rusdilli Tədris Müəssisələrinin Müəllimləri Assosiasiyası, Azərbaycanın Rus İcmasının dəstəyi ilə təşkil olunub və vətəndaş cəmiyyətinin inkişafı üçün Rusiya Federasiyası Prezidentinin qrantı çərçivəsində həyata keçirilir.