AZƏRBAYCANDA SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLANLARIN 15 FAİZİNİ QADINLAR TƏŞKİL EDİR
AZƏRTAC xəbər verir ki, aprelin 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) İqtisadi İnkişaf Nazirliyi və Dövlət İqtisad Universiteti ilə birgə ümummilli lider Heydər Əliyevin 85 illiyi münasibətilə sahibkar qadınların konfransını keçirmişdir.
Ölkədə qadın sahibkarlığının inkişafı istiqamətində görülən işlər barədə məlumat verən komitə sədri H.Hüseynova cəmiyyətin tərəqqisi, dövlətin iqtisadi bazasının möhkəmləndirilməsi üçün kiçik və orta biznesin inkişafının zəruriliyini qeyd etmişdir. O, qadınlara biznesin əsaslarının öyrədilməsinin vacibliyindən danışmış, bu məqsədlə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirildiyini söyləmişdir.
H.Hüseynova BMT-nin Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatı üçün xüsusi proqram çərçivəsində yaradılmış “Gender və iqtisadiyyat” üzrə işçi qrupunun həmsədri kimi bu sahədə həyata keçirilən layihələr barədə danışmışdır.
Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti barədə məlumat verən iqtisadi inkişaf naziri Heydər Babayev demişdir ki, sahibkar qadınların maliyyə vəsaiti ilə təminat imkanları genişləndirilmiş, 2002-ci ildən ötən dövr ərzində qadınlara 10,4 milyon manatdan artıq güzəştli kredit verilmiş, 2008-ci ilin birinci rübündə 4 sahibkar qadın fondun güzəştli kredit vəsaitindən bəhrələnmişdir. Regionlarda fəaliyyət göstərən onlarla qadın sahibkarın investisiya layihələri maliyyələşdirilmişdir. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olanların 15 faizini qadınlar təşkil edir.
BMT-nin Qadınlara qarşı ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin (CEDAW) üzvü və eksperti Navamane Ratna Patten CEDAW Konvensiyanın müddəalarına uyğun olaraq müasir dövrdə qadınların biznes fəaliyyətinin genişləndirilməsinin əhəmiyyətindən danışmışdır.
Aidiyyəti dövlət qurumlarının, qadın sahibkarların, beynəlxalq təşkilatlar və xarici ölkə səfirlikləri nümayəndələrinin iştirak etdiyi tədbirdə Milli Məclisin deputatları Ziyad Səmədzadə, Əkrəm Abdullayev, “Gender və iqtisadiyyat” İctimai Birliyinin sədri Təranə Kərimova və başqaları mövzu ilə bağlı çıxış etmişlər.
######