Azərbaycanda “Süni İntellekt Alyansı” yaradılır
Bakı, 7 noyabr, AZƏRTAC
Son zamanlar aktuallaşan süni intellekt əsaslı həllərin əhəmiyyətini, onların müxtəlif sektorların inkişafına verə biləcəyi töhfələrini nəzərə alaraq, Mərkəzi Bankla Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi AMB-nin sədri Taleh Kazımov və rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev imzalayıblar.
Memorandumun imzalanmasında başlıca məqsəd ölkəmizdə süni intellekt sahəsində layihələrin, təşəbbüslərin və ideyaların dəstəklənməsi, o cümlədən maliyyə bazarlarında birgə layihələrin həyata keçirilməsi, süni intellekt sahəsində bacarıqların, texnologiyaların, ekosistemin, infrastrukturun və idarəetmə mexanizmlərinin formalaşdırılması üzrə tədbirlərin görülməsinin təşkili, bununla da Azərbaycanın süni intellekt sahəsində regional liderə çevirilməsidir.
Bu əməkdaşlıq çərçivəsində süni intellektə əsaslanan startapların və şirkətlərin Azərbaycana cəlb edilməsi, müxtəlif sektorlarda süni intellekt əsaslı innovasiyaların təşviq edilməsi, bu sahədə həllərin və bacarıqların artırılması üçün qabaqcıl təşkilatlarla əməkdaşlıq münasibətlərinin qurulması üzrə tədbirlər həyata keçiriləcək. Eyni zamanda, süni intellekt sahəsində biliklərin artırılması məqsədilə müvafiq təlim, seminar və konfransların təşkili kimi məsələlər diqqət mərkəzində saxlanılacaq.