AZƏRBAYCANDA SVERDLOVSK VİLAYƏTİNİN MƏDƏNİYYƏT GÜNLƏRİ BAŞLANMIŞDIR
Mədəniyyət günləri Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində Sverdlovsk Akademik Dram Teatrının Aleksandr Ostrovskinin “Balzaminovun evlənməsi” komediyasının tamaşası ilə başlanmışdır.
Tamaşa başlanmazdan əvvəl Azərbaycanın mədəniyyət naziri Polad Bülbüloğlu sverdlovsklı həmkarı Natalya Vetrovanı təqdim etdi, qonaqları səmimiyyətlə salamladı. O dedi ki, bizi yaradıcılıq dostluğu və getdikcə genişlənən xoş münasibətlər birləşdirir. 2000-ci ildə Sverdlovsk vilayətinin qubernatoru Eduard Rosselin başçılığı ilə vilayətin nümayəndə heyəti Azərbaycanda olmuşdur. Ötən il isə nümayəndə heyətimiz cavab səfərinə getmişdir. Bu dostluq bayramının açılış günü Sverdlovsk vilayətinin Mədəniyyət Nazirliyi ilə Azərbaycanın Mədəniyyət Nazirliyi arasında protokol imzalanmışdır. Sənəddə 2005-ci ildə Yekaterinburqda Azərbaycan mədəniyyət günlərinin keçirilməsi nəzərdə tutulur.
P.Bülbüloğlu Sverdlovsk vilayətinin mədəniyyət nazirinə xatirə hədiyyələri – Qız qalasının təsviri olan suvenir xalça və ümummilli liderimizin həyat yoldaşı Zərifə xanım Əliyeva haqqında kitab təqdim etdi.
N.Vetrova Sverdlovsk vilayətinin qubernatoru adından hamını salamlayaraq dedi: “Ural sıra dağları Avropa ilə Asiya arasında sərhəddir. Lakin bu sərhəd bizi ayırmamalıdır. Yaradıcılıq səfərləri bizim aramızda salmaq istədiyiniz körpüdür. Bu körpü çox etibarlı olacaqdır. Biz qədim mədəniyyət ölkəsi olan Azərbaycanı yaxşı tanıyırıq. Nizamini, böyük bəstəkarlarınız və müğənniləriniz Üzeyir Hacıbəyovu, Rəşid Behbudovu, Müslüm Maqomayevi tanıyırıq. Onlar dünya mədəniyyətinə məxsusdurlar”.
N.Vetrova həmkarı P.Bülbüloğluya Ural ustalarının düzəltdikləri malaxit mücrü təqdim etdi.
Sonra tamaşaya baxış oldu. Tamaşanın quruluşçu rejissoru Rusiyanın əməkdar incəsənət xadimi Vladimir Rubanov, səhnə tərtibatçısı Rusiyanın əməkdar rəssamı Anatoli Şubindir.
Tamaşada əsas rolları Rusiyanın xalq artisti Vyaçeslav Kiriliçev, əməkdar artist, Sverdlovsk vilayəti qubernatoru mükafatının laureatı Veronika Belkovskaya, “Yeddinci qalaktika” tamaşaçı rəğbəti mükafatının laureatı Andrey Kılosov və başqaları ifa edirdilər.