Azərbaycanda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir
Bakı, 31 dekabr, AZƏRTAC
Əgər 2009-cu ildə ölkəmizdə körpə ölümü göstəricisi 11,3 promilli idisə, 2014-cü ildə bu rəqəm 10,2-yə enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin 2014-cü ilin yekunlarına həsr olunmuş kollegiya iclasında məlumat verilib.
Nazirliyin tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladovun sözlərinə görə, ana ölümü əmsalı isə hər min diridoğulmaya qarşı 14,5-ə bərabər olub. Şəkərli diabet xəstələrinin aşkar edilməsi işinin yaxşılaşdırılması nəticəsində qeydiyyata götürülən xəstələrin sayı 2013-cü illə müqayisədə təxminən 13 faiz artsa da, bu xəstəlikdən ölüm göstəricisi eyni səviyyədə qalıbdır. Eyni zamanda, onkoloji xəstəliklərin aşkarlanması işinin yaxşılaşdırılması səbəbindən bu xəstəliklərdən ölüm göstəricisi 2013-cü illə müqayisədə azalıb. Bu vacib sahədə görülən tədbirlərin daha da gücləndirilməsi məqsədilə onkoloji xəstəliklərə qarşı mübarizəyə dair Dövlət Proqramının layihəsi hazırlanaq hökumətə təqdim edilib.
O bildirib ki, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır. Belə ki, 2009-cu ildə 19,6 ton qan tədarük edilmişdisə, 2014-cü ildə isə bu rəqəm 33 tona çatdırılıbdır. Hazırda tibb müəssisələrinin və xəstələrin donor qanına olan ehtiyacı tam ödənilir.