CƏMİYYƏT
Azərbaycanda viruslu hepatitlərə yoluxma halları ötən illərlə müqayisədə azalmışdır
Bakı, 26 iyul (AZƏRTAC). İyulun 28-i Beynəlxalq Hepatitlə Mübarizə Günü kimi qeyd edilir. Dünya Səhiyyə Assambleyasının qərarı ilə 2010-cu ildə bu tarix Beynəlxalq Hepatitlə Mübarizə Günü elan edilmişdir. Həmin gün bütün dünya ölkələrində viruslu hepatitə qarşı profilaktik və mübarizə tədbirlərinin gücləndirilməsinin stimullaşdırılmasına xidmət edir.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu xəstəliyin müayinə və müalicəsi istiqamətlərində Azərbaycanda da mühüm tədbirlər görülür. Bu tədbirlər sırasında səhiyyə naziri Oqtay Şirəliyevin viruslu hepatitə yoluxmuş xəstələrin diaqnozlarının qoyulması, qeydiyyatının aparılması, onların dərman preparatları ilə təmin edilməsi və müalicələrinin təşkilinin təkmilləşdirilməsi məqsədi ilə imzaladığı əmr xüsusi qeyd olunmalıdır. Həmin əmrə əsasən, Səhiyyə Nazirliyində hepatit virusuna yoluxmuş şəxslərin müayinə və müalicəsinin təşkili üzrə komissiya yaradılıb. Hepatitli xəstələrin diaqnozunun dəqiqləşdirilməsi məqsədi ilə müayinə planı təsdiq edilib. Respublikanın şəhər, rayon tibb idarə və müəssislərinin rəhbərlərinə hepatitli xəstələrin planda qeyd olunmuş müayinələrin nəticələrinə əsasən komissiyaya göndərilməsinə dair tapşırıqlar verilib. Əmrdə hepatit virusuna yoluxmuş xəstələrin müalicəsi üzrə klinik protokolun hazırlanması, xəstələrin dəqiq qeydiyyatının aparılması, müayinələrin nəticələrindən asılı olaraq, xəstələrin ambulator və stasionar müalicəsinin klinik protokola uyğun təşkilinə nəzarət edilməsi və bu kimi əhəmiyyətli faktlar əks olunub. Hazırda həmin komissiyanın rəyi əsasında hepatitli xəstələrin müvafiq dərman preparatları, eləcə də müəyyən edilmiş tibb müəssisələrinin lazımi avadanlıqlarla təminatı ilə bağlı tədbirlər həyata keçirilir.
Görülən tədbirlər nəticəsində ölkəmizdə viruslu hepatitlərə yoluxma halları ötən illərlə müqayisədə azalmışdır. Belə ki, 2010-cu ildə bütün tip hepatitlər üzrə ilkin aşkarlanma 1282 olmuşdursa, bu göstərici 2013-cü ildə 524-ə düşüb.