AZƏRBAYCANDA YAŞAYAN AXISXA TÜRKLƏRİNİN VI QURULTAYI KEÇİRİLMİŞDİR
Əvvəlcə Axısxa türklərinin tarixinə, II dünya müharibəsi illərində İ.Stalinin əmri ilə doğma torpaqlarından sürgün olunmalarına, məruz qaldıqları zülmlərə həsr edilmiş sənədli film göstərilmişdir.
Axısxa türklərinin “Vətən” cəmiyyətinin sədri İbrahim Burxanov təşkilatın 2004-2006-cı illərdəki fəaliyyəti barədə qısa məlumat vermiş, Axısxa türklərinin ən ağrılı problemi, doğma Vətənə - Gürcüstanın Mesxeti-Cavaxeti bölgəsinə qayıtmalarına mane olan əngəllərdən, qarşıda duran vəzifələrdən danışmışdır. Bildirilmişdir ki, Gürcüstan Avropa Şurasına üzv qəbul olunarkən Axısxa türklərinin öz tarixi torpaqlarına dönmələri ilə bağlı üzərinə götürdüyü öhdəliyə vaxtından gec də olsa, əməl etməyə çalışır. Gürcüstanda bu məsələ ilə bağlı dövlət komissiyasının yaradıldığı, “Vətən”cəmiyyəti rəhbərliyinin qısa vaxt ərzində Gürcüstanda dövlət rəsmiləri ilə 11 görüş keçirdiyi diqqətə çatdırılmışdır. İ.Burxanov bildirmişdir ki, bizim Vətənə dönməyimizin qarşısını heç bir qüvvə ala bilməz.
Prezidentin İcra Aparatı ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Ərəstun Mehdiyev sürgün, köçürülmə prosesinin ağır nəticələrini görmüş, böyük problemlərin həlli ilə üzləşmiş Axısxa türklərinin çətinliklərinin Azərbaycan üçün də yad olmadığını söyləmişdir. Bildirilmişdir ki, özünün müasir tarixində köçkün, sürgün həyatı yaşamış azərbaycanlılar da, bu problemlərlə üzləşmiş Azərbaycan dövləti də Axısxa türklərinin vətən həsrəti duyğularını başa düşür, dərk edirlər. Təsadüfi deyildir ki, keçmiş sovet ittifaqının dağıldığı dövrdə Özbəkistanın Fərqanə şəhərində baş vermiş hadisələrdən sonra Axısxa türklərinin əksəriyyəti Azərbaycana pənah gətirmiş və dövlətimiz, xalqımız onları yaxın dost, qardaş kimi qəbul etmişdir. Natiq xalqlarımızın sıx tellərlə bir-biriminə bağlılığını qeyd etmiş, ümummilli liderimiz Heydər Əliyevin Axısxa türklərinə xüsusi diqqət və qayğı göstərdiyini vurğulamışdır. Axısxa türklərinin tezliklə Gürcüstana qayıdışının mümkünlüyünü söyləyən Ə.Mehdiyev qeyd etmişdir ki, Azərbaycanı vətən seçərək burada qalıb yaşamaq istəyənlər isə ölkəmizin həyatında bundan sonra da öz yerini tutacaq, dövlətimizin diqqət və qayğısını daim hiss edəcəklər.
Çıxış edənlər hesabat məruzəsinə münasibətlərini bildirmiş, gələcəkdə görüləcək işlər barədə təkliflərini vermişlər.
Qurultayda təşkilati məsələlərə də baxılmışdır. İbrahim Burxanov səs çoxluğu ilə yenidən Axısxa türklərinin “Vətən” cəmiyyətinin sədri seçilmişdir. Həmçinin 23 nəfərdən ibarət şuranın üzvləri müəyyən edilmişdir.
Axısxa türklərinin mövcud probleminin həlli ilə bağlı qurultay iştirakçılarının müraciəti Avropa Şurasına, Gürcüstan Parlamentinə, ATƏT və BMT-yə göndərilmişdir.
Bununla da Azərbaycanda yaşayan Axısxa türklərinin VI qurultayı işini yekunlaşdırmışdır.