Azərbaycanın "Elektron hökumət" modeli Sinqapurda nümayiş etdirilib
Bakı, 13 may, AZƏRTAC
“Elektron hökumət" portalı Sinqapur Milli Universitetinin (NUS) nəzdində fəaliyyət göstərən "Sistem Elmləri İnstitutu"nun "Elektron Hökumət Liderlik" (eGL) mərkəzində keçirilmiş "Elektron Hökumət Effektiv Strategiyalar" mövzusunda təşkil olunmuş seminarda təmsil olunub.
Portaldan AZƏRTAC-a bildirilib ki, beş gün davam edən seminarda professional müəllim və mütəxəssis heyəti tərəfindən nümayəndələrə dərslər keçilib, “Elektronlaşmanın inkişaf mərhələləri və bu istiqamətdə istifadə edilən yanaşmalar”, “Xidmətlərin hazırlanma metodologiyaları və vətəndaş istifadəsi”, “Dəyişikliklərin idarə edilməsi, bu prosesdə qarşıya çıxan problemlər, onlara yanaşma və həll edilmə yolları” mövzularında müzakirələr aparılıb.
Sinqapurun, eləcə də digər ölkələrin üzləşdiyi qlobal problemlər (əhalinin sıxlığı, sağlam həyat, mobil yaşam və s.), onların həlli yolları və gələcəyə istiqamətlənən tədbirlər diqqətə çatdırılıb.
Kursda iştirak edən "Elektron hökumət" portalının mütəxəssisi Cəmşid Naxçıvanski ölkəmizin “Elektron hökumət” modeli, "Elektron hökumət" portalı, Açıq Hökumət Məlumatları portalı üzrə görülmüş işlər barədə təqdimat əsasında məlumat verib.
Həmçinin ölkələr arasında təcrübə mübadiləsi məqsədilə təşkil edilmiş kursda elektron xidmətlərlə bağlı müxtəlif tipli məlumatların analizi və mütərəqqi konsepsiyaların inkişaf modellərinin təhlili aparılıb. Habelə, elektron mühitin inkişafında sosial medianın rolu barədə məlumatlar verilib.
On doqquz ölkədən 21 nümayəndənin qatıldığı kursun sonunda iştirakçılara sertifikatlar verilib.