AZƏRBAYCANIN ALMANİYADAKI SƏFİRİ BADEN-VÜRTTEMBERQ FEDERAL ƏYALƏTİNDƏ SƏFƏRDƏ OLMUŞDUR
Əyalətin Baş naziri aparatının rəhbəri və dövlət naziri Villi Ştexeli ilə görüşdə respublikamızdakı ictimai-siyasi, iqtisadi vəziyyət, təhsil sistemi, xalqımızın mədəniyyəti barədə ətraflı məlumat verilmiş, Azərbaycanla Baden-Vürttemberq əyaləti arasında iqtisadi əlaqələrə, mədəniyyət, təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığa dair sazişlər hazırlanması imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Mədəniyyət, gənclər və idman nazirinin müavini xanım Şoltsla söhbətdə Ştuttqart və Bakı məktəbləri arasında tərəfdaşlıq, azərbaycanlı məktəblilərin Baden-Vürttemberqdə sərgilərinin təşkili, eləcə də gənclər arasında mədəni əlaqələrin qurulması barədə söhbət getmişdir.
Ştuttqart universiteti rəhbərliyi ilə görüşdə azərbaycanlı tələbələrin Almaniyada təhsil alması və tədqiqat aparması prosesini sadələşdirmək üçün modul hazırlanması və Azərbaycan ali məktəbləri ilə əməkdaşlığa dair niyyət protokolunun imzalanması razılaşdırılmışdır. Bu modul tələbələrimizin Almaniyaya ezam olunmazdan öncə Azərbaycanda təhsil aldıqları müddətdə alman dilini dərindən öyrənməsini, bakalavr təhsilindən sonra magistr təhsilini Ştuttqart universitetində davam etdirməsini və sonradan elmi tədqiqatla məşğul olmasını və bunun üçün Ştuttqart universitetinin daxili imkanları hesabına təqaüd ayrılmasını ehtiva edəcəkdir.
Baden-Vürttemberq Enerji Səhmdar Cəmiyyətində yerli mütəxəssislərin və SC rəhbərliyinin iştirakı ilə “Enerji dialoqu” mövzusunda tədbir təşkil edilmişdir. Səfir Azərbaycanın enerji strategiyasından danışmış, Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Xəzər neft və qazının ixracı ilə bağlı suallara cavab vermişdir.
Əyalətin aqrar sənaye naziri Peter Haukla söhbətdə Azərbaycanda aparılan aqrar islahatlar, Prezident İlham Əliyevin regionların inkişafına dair imzaladığı sənədlər barədə məlumat verilmiş, Azərbaycanın kənd təsərrüfatı istehsalında Avropa ölkələrində tətbiq edilən nou-hauya ehtiyacı bildirilmiş, bu baxımdan Baden-Vürttemberq əyaləti ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılmışdır.
Cənab Hauk şərabçılıq, şərabın saxlanması və qablaşdırılması texnologiyası sahəsində geniş imkanların olduğunu Ştuttqartda hər ilin payızında keçirilən ənənəvi “Kənd təsərrüfatı məhsul bayramı” sərgi-birjasına bu dəfə Azərbaycandan da nümayəndə heyətinin dəvət ediləcəyini bildirmişdir.
İqtisadiyyat naziri Pfister və Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin rəhbəri Freylə görüşdə Azərbaycan və Baden-Vürttemberq arasında iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün geniş potensialın olduğu vurğulanmış, bu ilin payızında Azərbaycan və Baden-Vürttemberq iş adamları üçün kənd təsərrüfatı, tikinti və turizm sahələrində əməkdaşlıq imkanlarına dair forum keçirilməsi razılaşdırılmışdır.
Ştuttqart regionunun Sənaye və Ticarət Palatasının sədri Qünter Baumanla görüşdə birgə əməkdaşlıq məsələləri müzakirə olunmuş, Azərbaycan və Baden-Vürttemberq iş adamlarının Ştuttqartda “əlaqə birjası”nın təşkil edilməsi barədə ilkin razılıq əldə olunmuşdur.
Əyalətin daxili işlər naziri Herbert Rexlə söhbətdə Azərbaycan DİN ilə, habelə Bakı və Ştuttqart polis idarələri arasında təmasların yaradılması, polis işinin təkmilləşdirilməsi sahəsində təcrübə mübadilələrinin təşkili məsələləri müzakirə edilmişdir. Səfir iki əsr öncə Azərbaycanın Gəncəbasar bölgəsində məhz Baden-Vürttemberq torpağından gəlmiş almanların məskunlaşaraq koloniyalar yaratdığını xatırlatmışdır. Söhbət zamanı razılığa gəlinmişdir ki, Xanlar şəhəri və Baden-Vürttemberq əyalətinin bir şəhəri arasında tərəfdaşlıq əlaqələrinin yaradılması imkanları araşdırılsın.
Azərbaycan səfiri səfər proqramı çərçivəsində Baden-Vürttemberqdəki azərbaycanlı və türk icmalarının üzvləri və yerli universitetlərdə təhsil alan soydaşlarımızla da görüşmüşdür. Ştuttqartda fəaliyyət göstərən Azərbaycan-Türk Mədəniyyət və Yardım Cəmiyyətinin fəaliyyətinin daha da canlandırılması, digər şəhərlərdəki cəmiyyətlərlə təmasların əlaqələndirilməsi, Almaniyaya təhsil almağa gələn soydaşlarımızın diasporun işinə cəlb olunması məsələləri müzakirə edilmişdir. Səfir Azərbaycanla Baden-Vürttemberq arasında əməkdaşlığa önəm verildiyini və bu istiqamətdə federal əyalət hökuməti ilə yaradılan əlaqələrdən diaspora fəallarının da faydalanmasını və öz fəaliyyətləri ilə bu əməkdaşlığa töhfə vermələrini tövsiyə etmişdir.