Azərbaycanın beynəlxalq reytinqlərdə mövqelərinin daha da yaxşılaşdırılması üzrə tədqiqatlar aparılır
Bakı, 31 yanvar, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda elmi müəssisənin direktoru, professor Nazim Müzəffərli yerinə yetirilən elmi tədqiqat işləri, bu məqsədlə formalaşdırılmış yaradıcı qrupların fəaliyyəti barədə məlumat verib.
İqtisadiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Allahyar Muradov 2020-ci ildə nəzərdə tutulan elmi-təşkilati fəaliyyətlə bağlı çıxış edib. Bildirib ki, institutda “Azərbaycanın sosial-iqtisadi inkişafı və beynəlxalq müqayisəli reytinqlərdə mövqeyinin daha da yaxşılaşdırılması istiqamətləri (2019-2021-ci illər)” mövzusunda tədqiqatlar davam etdiriləcək. Tədqiqat “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli Sərəncamı ilə bağlı tədbirlərin icrasına əsaslanır. İnstitutda 25 reytinq üzrə tədqiqatlar aparılır, onlardan 4-ü institutun öz məhsuludur. AMEA-nın Rəyasət Heyətinin institutlar qarşısında qoyduğu əsas tələblərdən biri elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsidir. Bu ilin sonunda institutun şöbələrində aparılan tədqiqatlar üzrə yekun hesabatların keyfiyyəti qiymətləndiriləcək. Hesabatlar əsasında müvafiq hökumət qurumlarına təklif və tövsiyələr göndəriləcək. Nəticələr kitab şəklində çap olunacaq.
İclasda Dissertasiya şurasının katibi, dosent Sevda Seyidova Ali Attestasiya Komissiyasının təsdiqlədiyi yeni qaydalar əsasında şuraya təqdim edilən dissertasiyaların növbəliliyi, şöbə müzakirələrinin, seminar və müdafiələrin təşkili barədə məlumat verib.
Elmi şuranın qərarı ilə Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər şöbəsinin böyük elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru Təbriz Yadigarovun “Gömrük statistikası və müasir informasiya texnologiyaları” monoqrafiyası çapa tövsiyə olunub.