Azərbaycanın biotəhlükəsizlik məsələləri ilə bağlı təcrübəsi maraqla qarşılanmışdır
Tbilisi, 26 mart (AZƏRTAC). Tbilisidə Mərkəzi Asiya və Qafqazda Bioloji Təhlükəsizlik Assosiasiyasının ənənəvi illik V konfransı işə başlamışdır. Konfrans Avropa İttifaqının, ABŞ-ın və Böyük Britaniyanın Müdafiə nazirliklərinin dəstəyi ilə keçirilir.
Qafqaz və Mərkəzi Asya ölkələri, ABŞ, İngiltərə, Əfqanıstan, Pakistan və başqa dövlətlərdən mütəxəssislərin iştirak etdikləri tədbirdə Azərbaycan geniş tərkibdə nümayəndə heyəti ilə təmsil olunmuşdur.
Konfransı açan Gürcüstanın əmək, səhiyyə və sosial müdafiə nazirinin müavini Məryəm Caşi müzakirə olunan məsələnin aktuallığına diqqət çəkmişdir. O, tədbirin təcrübə mübadiləsi, ictimai səhiyyənin inkişafı, regionda əməkdaşlığın dərinləşdirilməsi üçün mütəxəssislər arasında səmərəli fikir mübadiləsi aparılmasına yaxşı şərait yaradacağına əmin olduğunu bildirmişdir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin taun əleyhinə stansiyanın rəis müavini, tibb elmləri namizədi Şair Qurbanov AZƏRTAC-ın xüsusi müxbirinə müsahibəsində demişdir ki, konfrans biotəhlükəsizlik və bioloji materialların fiziki müdafiəsi məsələləri , xüsusilə təhlükəli infeksiyaları doğuran səbəblərin monitorinqi, kəşfi, identifikasiyası yönümündə təcrübə mübadiləsi aparılması baxımından çox əhəmiyyətlidir. Burada bioloji riskin qiymətləndirilməsi və diaqnostikasının ən yeni metodlarının əhəmiyyəti, laboratoriya əməkdaşlarının yoluxma hallarının azaldılması, iştirakçı dövlətlərdə təhlükəsizlik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi, beynəlxalq müqavilələrin icra vəziyyəti və digər məsələlər müzakirə edilmişdir. Biz bu məsələlərlə əlaqədar ölkəmizdə mövcud vəziyyət barədə iştirakçıları məlumatlandırdıq və onların təcrübəmizə maraq göstərdiklərinin şahidi olduq.
Ş.Qurbanov bəzən laboratoriyalardan təhlükəli mikrobların kənara çıxması hallarının baş verdiyini bildirmiş, ABŞ-da “qara yara” mikrobunun yayılması faktını misal göstərmişdir.
Alim müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda da xüsusi laboratoriyalarda mikrobların saxlandığını və bunun həmin mikrobların xüsusiyyətinin öyrənilməsi, antibiotiklərə həssaslığının təyin olunması, onların yaratdıqları xəstəliklərin müalicəsi yollarını qısa müddətdə müəyyənləşdirmək məqsədi güddüyünü və sabiq sovet məkanında Azərbaycanın bu sahədə müsbət təcrübəyə malik olduğunu bildirmişdir. O demişdir: “Laboratoriyada biotəhlükəsizliyə dair təlimat sabiq sovet respublikaları arasında ilk dəfə olaraq Azərbaycanda hazırlanmışdır. Ümumiyyətlə ölkəmizdə tibb sahəsində çox mühüm işlər görülmüş və görülməkdədir. Ulu Öndər Heydər Əliyevin bu sahəyə diqqət və qayğısı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bakı ilə yanaşı, bölgələrdə müasir avadanlıqla təchiz olunmuş diaqnostika mərkəzlərinin istifadəyə verilməsi, ən ağır cərrahiyyə əməliyyatlarının aparılması, xəstəliklərin qarşısının əvvəlcədən alınması sahəsində ölkəmizdə qazanılmış müsbət təcrübə barədə verilmiş məlumatlar da iştirakçıların diqqətini cəlb etmişdir”.
Ş.Qurbanov Azərbaycanda laboratoriyalarda boitəhlükəsizlik qaydalarına əməl olunması ilə əlaqədar görülən işlər barədə laboratoriya müdiri, tibb elmləri namizədi Sədrəddin Qurbanovun çıxışının iştirakçılarda böyük maraq yaratdığını qeyd etmişdir.
İslam Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi