SİYASƏT
AZƏRBAYCANIN DİN XADİMLƏRİNƏ GÜRCÜSTANIN YÜKSƏK MÜKAFATLARI TƏQDİM EDİLMİŞDİR
İyunun 27-də “Gülüstan” sarayında Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Hacı Allahşükür Paşazadəyə və onun birinci müavini müfti Salman Musayevə Gürcüstanın “Şərəf” ordeninin təqdim edilməsinə həsr olunmuş mərasim keçirilmişdir.
Mərasimi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Rafiq Əliyev açdı.
Gürcüstan Prezidentinin regional siyasət və idarəetmə xidməti şöbəsi müdirinin müavini İmir Məmmədli din xadimlərimizin “Şərəf” ordeni ilə təltif olunması barədə Gürcüstan Prezidentinin Sərəncamını oxudu.
Gürcüstan dövlət dəftərxanası rəisinin müavini, təltiflər üzrə komissiyanın rəhbəri Tamaz Kipiani öz ölkəsinin yüksək mükafatını - “Şərəf” ordenini din xadimlərinə təqdim etdi.
Gürcüstanın Bakıdakı səfiri Zurab Qumberidze yüksək mükafata layiq görülənləri təbrik etdi, şeyxülislam Hacı Allahşükür Paşazadəyə hədiyyə təqdim etdi.
Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyasının yepiskopu Aleksandr, Qafqaz Müsəlmanları İdarəsi elmi-dini Şurasının sədri professor Vasim Məmmədəliyev və başqaları mərasimdə çıxış edərək, təltif olunmuş din xadimlərinin Qafqaz xalqları arasında dostluq və yaxın qonşuluq münasibətlərinin yaradılmasında, müxtəlif dini konfessiyaların, dözümlülük və yüksək tolerantlıq şəraitində fəaliyyət göstərməsində xidmətlərini vurğuladılar.
Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək dedi ki, ölkəmizin din xadimlərinin Gürcüstanın yüksək mükafatına layiq görülməsi Azərbaycan və gürcü xalqları arasında sarsılmaz dostluq və qardaşlıq münasibətlərinin gündən-günə daha da möhkəmlənməsinin, Prezidentlər Heydər Əliyev və Eduard Şevardnadze arasında uzun illərdən bəri davam edən möhkəm dostluğun daha bir təzahürüdür.
Mərasimdə Milli Məclisin sədri Murtuz Ələsgərov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, milli siyasət məsələləri üzrə dövlət müşaviri Hidayət Orucov, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, nazirlər, deputatlar, səfirlər, paytaxt ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
Foto Yaşar Xəlilovundur