SİYASƏT
Azərbaycanın Dövlət Bayrağı Günü və Konstitusiya Günü Aşqabadda da qeyd edilmişdir
Aşqabad, 12 noyabr (AZƏRTAC). Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyində Dövlət Bayrağı Günü və Konstitusiya Günü münasibətilə tədbir keçirilmişdi. Tədbirdə Türkmənistanda yaşayan həmvətənlərimiz, ictimai və yaradıcılıq birliklərinin üzvləri iştirak etmişlər.
Səfir Vəhdət Sultanzadə tədbir iştirakçılarına Azərbaycan Respublikasının Dövlət Bayrağının qəbul olunması, Dövlət Bayrağı Gününün təsis edilməsi, Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, üçrəngli bayrağımızın 70 illik fasilədən sonra yenidən başımız üzərində dalğalanması ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində mümkün olmuşdur.
Müstəqil Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının qəbul olunmasını ulu öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri kimi dəyərləndirən diplomat vurğulamışdır ki, humanizm və demokratiya prinsiplərinə əsaslanan bu Konstitusiya ölkəmizdə vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi, dövlətimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratmışdır. V.Sultanzadə bu mühüm tarixi sənədin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğuna, inkişaf və tərəqqiyə yol açdığını diqqətə çatdırmışdır.
Tədbir iştirakçıları səfirliyin əməkdaşlarını və həmvətənlərimizi əlamətdar bayramlar münasibəti ilə təbrik etmişlər. Soydaşlarımız Azərbaycanın müstəqil, azad ölkə olmasından, əldə etdiyi uğurlardan qürur duyduqlarını dilə gətirmişlər.
İlahə Əhmədova
AZƏRTAC-ın müxbiri
Aşqabad