Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir
Bakı, 24 aprel, AZƏRTAC
Dünya siyasətində adını qızıl hərflərlə yazdıran ümummilli lider Heydər Əliyev siyasi kursunun davamçısı Prezident İlham Əliyevin apardığı siyasət ölkəmizin dinamik inkişafı, gələcəyimizin qarantı, güclü dövlət paradiqmaları ilə həmahəngdir.
Azərbaycanın dövlət başçısı İlham Əliyev tarixdəki səmərəli fəaliyyətinə və xalqın həyatında oynadığı böyük rola görə liderliyini təsdiqləyən şəxsiyyət kimi dünyada qəbul edilir. Azərbaycan xalqı indiyədək 2003, 2008 və 2013-cü illərdə keçirilmiş prezident seçkilərində daxili inamına söykənərək Prezident İlham Əliyevin namizədliyini dəstəkləyib və siyasi taleyinə sahib olmaq haqqını qətiyyətlə ifadə edib. Bu tarixi seçimlər həm də belə bir həqiqəti təsdiq edir ki, Azərbaycanın dövlət müstəqilliyinin qarantı Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil siyasətdir. Hələ 2016-cı ildə Bakıda keçirilən beynəlxalq tədbirlərin birində dövlətimizin başçısı deyib: “Biz istəyirik ki, Azərbaycanda inkişaf daha da sürətlə getsin. İstəyirik ki, bölgədə sabitlik möhkəmlənsin”. Prezident İlham Əliyev dünyada cərəyan edən hadisələrə həssas yanaşaraq bildirirdi: “Bu gün dünyada baş verən hadisələr, təbii ki, bizi də narahat edir. Dünyanın müxtəlif yerlərində yeni münaqişə ocaqları yaranır, müharibələr, qarşıdurmalar, ziddiyyətlər, toqquşmalar baş verir. Əlbəttə ki, bu, arzu olunan mənzərə deyil. Biz isə çalışırıq ki, bölgəmizdə sabitlik olsun. Ancaq ölkələr sabitlik şəraitində inkişaf edə bilər. Ancaq ölkələrə sabitlik şəraitində investisiya qoyula bilər. Ancaq sabitlik şəraitində xalqlar rahat, təhlükəsizlik, rifah içində yaşaya bilər. Azərbaycan nümunəsi, hesab edirəm ki, bir çox ölkələr üçün maraqlı ola bilər”.
Bu fikirlər Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynlinin AZƏRTAC-a təqdim etdiyi məqalədə yer alıb.
Məqalədə deyilir ki, ötən 15 ildə Azərbaycan vətəndaşının birmənalı seçimini təmin edən ən başlıca amillərdən biri də ölkəmizdəki siyasi sabitlik və həmrəylik mühitidir. Bu illər ərzində ölkədə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması Prezident İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğundan soraq verir. İnkişaf etmiş ölkələrdə milli sərvətin böyük hissəsini insan kapitalı təşkil edir və iqtisadi artımda intellektual əmək üstün çəkiyə malikdir. Ötən illər ərzində insan kapitalının inkişafı ilə bağlı tədbirlər müəyyənləşdirilərək icra olunan bir sıra strategiya, dövlət proqramları və konsepsiyalarda da öz əksini tapıb. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”, “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”da və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda elm və təhsilin inkişafı prioritet məsələlər kimi önə çəkilib.
Məqalədə bildirilir: ”Təbii ki, arxada qalan illərdə biz gənclər Prezident İlham Əliyevin dediyi hər kəlmənin real mənzərəsini gördük və görürük. Biz dövlətimizin başçısının sözlərinin fonunda dünənimizi, bu günümüzü və sabahımızı görürük. Bundan sonra Azərbaycan gəncləri olaraq İlham Əliyevlə atacağımız hər addım bizim yolumuzu aydınlığa aparacaq”.