Azərbaycanın Ədliyyə Nazirliyi vərəmin müalicəsi sahəsində regionda ən yüksək göstəricilərdən birinə nail olmuşdur
Bakı, 28 mart (AZƏRTAC). Dünyada insanın ölümünə səbəb olan infeksiya törədicilərindən biri vərəmdir. Multirezistent (MDR) - çoxsaylı dərmana davamlı vərəm bütün dünyada, xüsusilə də keçmiş sovet məkanının əksər hissələrində yüksək sürətlə artır. Bu ölümcül xəstəlik cəzaçəkmə yerlərində xüsusilə təhlükəlidir.
Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) ölkəmizdəki nümayəndəliyindən AZƏRTAC-a bildirmişlər ki, Azərbaycanın Ədliyyə Nazirliyi vərəmin müalicəsi sahəsində regionda və dünyada ən yüksək göstəricilərdən birinə nail olmuşdur. Nümayəndəliyin rəhbəri Deniz Duran bununla bağlı bildirmişdir ki, Ədliyyə Nazirliyi və BQXK 1995-2011-ci illərdə həbsxanalarda vərəmə nəzarət etmək üçün birgə və ciddi səy göstərmişlər.
Komitə Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə “Cəzaçəkmə yerlərində MDR vərəmlə mübarizə. Azərbaycanın təcrübəsi” adlı filmin Azərbaycan dilindəki versiyasını təqdim etmişdir.
Sənədli film ölkədə məhbuslar üçün fəaliyyətdə olan mərkəzi müalicə müəssisəsində onlara göstərilən fərdi diqqətin, mütəxəssis qayğısının və möhkəm siyasi istək və iradənin nəticəsində həbsxanalarda MDR vərəmlə mübarizədə Azərbaycanın nümunə ölkə rolunu oynadığını nümayiş etdirir.
Nazirliyin Tibb Baş İdarəsinin rəisi, tibb xidməti polkovnik-leytenantı Rafail Mehdiyev qeyd etmişdir ki, bu film bizə cəzaçəkmə müəssisələrində səhiyyə ilə məşğul olan digər mütəxəssislər və ictimaiyyətlə təcrübəmizi bölüşmək imkanı yaradacaqdır.