Azərbaycanın “Elektron hökumət” modeli Rusiyada təqdim edilib
Bakı, 23 may, AZƏRTAC
Azərbaycanın “Elektron hökumət” modeli Moskvada keçirilən “Svyaz-2016” sərgisində təqdim edilib.
Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadənin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti, o cümlədən “Elektron hökumət” portalının operatoru olan Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri sərgidə iştirak ediblər.
“Elektron hökumət” portalından AZƏRTAC-a bildirilib ki, “Eksposentr”də təşkil olunan sərgidə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ayrıca pavilyonla təmsil olunub.
İştirakçıların marağına səbəb olan stenddə sektor üzrə əldə olunan nailiyyətlər, eləcə də “Elektron hökumət" modeli nümayiş olunub.
Əlli min ziyarətçinin və mütəxəssisin qatıldığı sərginin dördgünlük iş günü ərzində ölkəmizin yüksək texnologiyalar sahəsi üzrə təqdim etdiyi xidmətlər sərgi iştirakçıları ilə bərabər, Rusiya, Çin kimi ölkələrin şirkətlərinin diqqətini cəlb edib və həmin ölkələrlə əməkdaşlıq əlaqələri müzakirə edilib.
Rusiyanın Beynəlxalq informasiya və telekommunikasiya texnologiyaları sərgisi olan “Svyaz-2016” ənənəvi olaraq dünyanın qabaqcıl şirkətlərini və mütəxəssislərini bir araya toplayıb.
Avropada ən böyük və ən nüfuzlu tədbir hesab olunan “Svyaz” sərgisi 40 illik inkişaf dövründə telekommunikasiya sənayesinin nailiyyətləri, informasiya texnologiyaları, idarəetmə sistemləri və rabitə xidmətlərinin nümayişi üçün platforma rolunu oynayıb.
Yeni avadanlıq, texnologiya və ya xidmət təqdim etmək, yeni biznes əlaqələri üçün münbit məkan olan bu sərgidə, müasir həyatın müxtəlif sahələrində innovativ texnologiyaların tətbiq imkanları ilə yanaşı, milli və informasiya təhlükəsizliyi baxımından əhəmiyyətli olan proqram təminatlarının yaradılmasına dair görülən işlərin nəticələri barədə yekun hesabatlar təqdim edilib.