Azərbaycanın Gürcüstandakı səfirliyi 9 aprel şəhidlərinin xatirəsini anıb
Tbilisi, 9 aprel, AZƏRTAC
Bu gün Gürcüstan ictimaiyyəti 1989-cu il aprelin 9-da ölkənin azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsini yad edir.
Azərbaycanın Gürcüstandakı səfirliyi də 9 aprel şəhidlərinin xatirəsinə ehtiramını bildirib. Səfir Dursun Həsənov, səfirliyin və konsulluğun, hərbi attaşe aparatının və digər aidiyyəti qurumların nümayəndələri aprelin 9-da Tbilisinin mərkəzi Rustaveli prospektindəki abidə önünə gül dəstələri qoyublar.
Səfir Gürcüstanın dövlət və hökumət üzvləri ilə görüşərək başsağlığı verib, Azərbaycan xalqının daim dost və qardaş gürcü xalqının yanında olduğunu bildirib.
Gürcüstan Prezidenti, Baş nazir, nazirlər aprelin 9-da Rustaveli prospektindəki abidə önünə əklil qoyublar.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi