AZƏRBAYCANIN İLK PEŞƏKAR KİNOREJİSSORU SƏMƏD MƏRDANOVUN 100 İLLİK YUBİLEYİ QEYD EDİLMİŞDİR
Bakı, 29 dekabr (AZƏRTAC). Dekabrın 28-də Muzey Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Dövlət Film Fondunun (DFF) təşəbbüsü ilə ilk peşəkar kinorejissorumuz Səməd Mərdanovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
S.Mərdanovun kinorejissor kimi milli kino sənətimizin inkişafında əhəmiyyətli xidmətləri olduğunu deyən DFF-nin direktoru, əməkdar incəsənət xadimi Cəmil Quliyev bildirmişdir ki, o, kinomuza kinorejissor çatışmazlığı ucbatından filmlərimizi müxtəlif millətlərin nümayəndələrindən olanların çəkdikləri bir vaxtda gəlmişdir.
Bildirilmişdir ki, 1909-cu ildə Tbilisidə anadan olan S.Mərdanov ailənin sonbeşiyi idi. Gürcüstanın mədəni mühiti Səmədin uşaq dünyasında özünə möhkəm yer tutmuşdu. Elə bir teatr əsəri olmazdı ki, balaca Səməd ona baxmamış olsun. Amma bir hobbisi də dil öyrənmək idi. Artıq o, uşaqlıq illərində gürcü, rus, fransız dillərini öyrənmişdi.
Tədbirdə Səməd Mərdanova həsr edilmiş videofilm nümayiş etdirilmişdir.
Mərasimdə əməkdar incəsənət xadimləri - kinoşünaslar Aydın Kazımzadə və Ayaz Salayev mərhum sənətkarın həyat və yaradıcılığından, Azərbaycan kinosuna bəxş etdiyi ölməz ekran əsərlərindən danışmışlar.
Vurğulanmışdır ki, 1935-ci ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rejissorluq fakültəsini bitirmiş S.Mərdanov məhşur sovet kino rejissoru S.M.Eynzeşteynin tələbəsi olmuşdur. O, hələ tələbə ikən “Mavi dənizin sahilində” filminin ikinci rejissoru kimi tanınmışdır. 1935-ci ildə ekranlaşdırılan bu filmin əsas rejissoru isə B.Barnet olmuşdur.
Bundan sonra Səməd Mərdanov özü müstəqil surətdə “Kəndlilər” bədii filminə quruluş vermişdir. Bu bədii film Azərbaycan kinosunun qızıl fonduna daxil edilmişdir.
Bildirilmişdir ki, 1939-cu ildə Bakıda vəfat edən S.Mərdanovun yaradıcılıq bioqrafiyası o qədər də zəngin deyildir. Vaxtsız ölüm ona daha böyük uğurlara imza atmağa macal verməmişdir. Lakin buna baxmayaraq Səməd Mərdanov milli kino tariximizdə özünə layiqli yer tuta bilmişdir.