Azərbaycanın Misirdəki səfirliyi Xocalı soyqırımı ilə bağlı silsilə tədbirlər keçirir
Qahirə, 24 fevral, AZƏRTAC
Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Misirdəki səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Səfirliyin III katibi, fəlsəfə üzrə fəlsəfə doktoru Emil Rəhimovun ərəb dilində qələmə aldığı “Xocalı soyqırımı və itirilmiş ədalət” adlı kitabı “Əxbar Əl-Yaum” müəssisəsində nəfis şəkildə nəşr olunub.
Fevralın 22-də misirli və Qahirədə təhsil alan azərbaycanlı tələbələr Misir-Azərbaycan Dostluq parkına gələrək, Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli önünə əklil qoyub, xatirəsini anıblar. Sonra üzərində ingilis və ərəb dillərində “Xocalıya ədalət!” yazılmış şarları Qahirə səmalarına uçurublar.
Fevralın 23-də isə səfirlikdə Xocalı soyqırımını anma mərasimi təşkil olunub. Tədbirdə Misirin millət vəkilləri, Misir-Azərbaycan dostluq qrupunun üzvləri, ölkənin tanınmış siyasi-ictimai xadimləri, bu ölkədə yaşayan, işləyən, təhsil alan həmvətənlərimiz, yerli kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları Xocalı faciəsindən bəhs edən filmə və səfirlikdə təşkil olunan fotosərgiyə baxıblar. Azərbaycanın Misirdəki səfiri Tural Rzayev 25 il əvvəl erməni separatçılarının sovet ordusunun 366 motoatıcı alayının dəstəyi ilə Xocalı şəhərində törətdikləri vəhşiliklər barədə məlumat verib. Qeyd edib ki, bəzi dövlətlərin, xüsusilə də Minsk qrupunun üzvü olan dövlətlərin və bu qrupun həmsədrlərinin kimin zalım, kimin məzlum, kimin işğalçı, kimin işğala məruz qalan olduğunu açıq şəkildə etiraf etmələrinin vaxtı çatıb. BMT Təhlükəsizlik Şurasının qətnamələrin icra olunması məsələnin həlli üçün yeganə yoldur.
Mərasimdə Misir-Azərbaycan Dostluq cəmiyyətinin Baş katibi Əbdürrəhman Səd, Misirin Helvan universitetinin professoru Adel Dərviş, tanınmış politoloq Məhəmməd Səlamə, Asiyaelyoum Xəbərlər Agentliyinin Baş direktoru Əbubəkr Əbulməcd Xocalı hadisəsi haqqında danışaraq, Misirin Azərbaycan xalqının yanında olduğunu, kədərini bölüşdüyünü və hər bir zalıma və işğalçıya qarşı olduqlarını vurğulayıb.
Fevralın 24-də Qahirənin mərkəzi məscidlərində Xocalı soyqırımı şəhidlərinin xatirəsi anılaraq, ruhlarına dualar oxunub.
Həmçinin Misirin nüfuzlu mətbu orqanlarında Xocalı soyqırımının 25 illiyi ilə əlaqədar məlumatlar, xəbərlər, analitik yazılar dərc olunub. Eyni zamanda, geniş tamaşaçı auditoriyasına malik televiziya kanallarında (“Nil Əl-Əxbar” və “Əl-Masriyyə”) faciə ilə bağlı videosujetlər və çıxışlar yayımlanıb.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə