SİYASƏT
AZƏRBAYCANIN MÜDAFİƏ SƏNAYESİ NAZİRLİYİNİN MÜƏSSİSƏLƏRİNDƏ İSTEHSAL OLUNAN MƏHSULLAR TÜRKİYƏDƏ KEÇİRİLƏCƏK SƏRGİDƏ NÜMAYİŞ ETDİRİLƏCƏKDİR
Bakı, 24 aprel (AZƏRTAC). Aprelin 27-30-da Türkiyə Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə İstanbulda IX Beynəlxalq müdafiə sənayesi sərgisi (İDEF-2009) keçiriləcəkdir.
Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, Türkiyənin milli müdafiə naziri Vecdi Gönülün dəvəti ilə Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti sərgidə iştirak edəcəkdir.
Sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məhsullar nümayiş etdiriləcəkdir. Onların arasında döyüş sursatları, atıcı silahlar və optik cihazlar da vardır.
1993-cü ildən təşkil olunan və Avropada beynəlxalq əhəmiyyətli 10 ən iri sərgidən biri sayılan İDEF-də bu il dünyanın müxtəlif ölkələrindən 463 şirkətin iştirakı gözlənilir.
İki ildən bir keçirilən sərgidə müasir tələblərə cavab verən yeni məhsullar nümayiş etdirilir, alqı-satqı müqavilələri bağlanır.
Azərbaycan Beynəlxalq müdafiə sənayesi sərgisində ilk dəfə təmsil olunur.