AZƏRBAYCANIN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN SANKT-PETERBURQA SƏFƏRİ DAVAM EDİR
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, Şuranın iclasında MDB dövlətlərinin parlamentləri üçün əhəmiyyət kəsb edən bir sıra mövzular ətrafında müzakirələr aparılmışdır. Rusiya Dövlət Dumasının sədri Boris Qrızlov və Federasiya Şurasının sədri Sergey Mironov Oqtay Əsədovu Milli Məclisin sədri seçilməsi münasibətilə Şura adından təbrik etmişlər. Azərbaycan parlamentinin sədri MDB Parlamentlərarası Assambleyasının “Sodrujestvo” ordeni ilə təltif olunmuşdur.
Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Boris Qrızlovla görüşmüşdür. Görüşdə Azərbaycanla Rusiya arasında tarixi köklərə malik əlaqələrdən, əməkdaşlığın müasir mərhələdə daha yüksək səviyyədə inkişafından bəhs olunmuş, parlamentlərarası münasibətlərə dair geniş fikir mübadiləsi aparılmışdır.
Milli Məclisin sədri Oqtay Əsədovun Rusiya Federasiya Şurasının sədri Sergey Mironovla görüşündə də qarşılıqlı maraq doğuran məsələlər diqqət mərkəzində olmuşdur. Qeyd edilmişdir ki, dövlətlərimiz arasında əməkdaşlığın yüksələn xətti parlamentlərimizin fəaliyyətində də üstün istiqamətlərdən hesab olunur.
Sergey Mironov MDB Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin fəaliyyətini yüksək qiymətləndirmişdir.
Söhbət zamanı “Demokratiya, parlamentarizmin inkişafı, monitorinqi və vətəndaşların seçki hüququnun təminatı üzrə beynəlxalq institut”un yaradılması məsələsinə də toxunulmuşdur. Müzakirələrdə bu institutun Azərbaycanda filialının yaradılması imkanları da diqqət mərkəzində olmuşdur.
Milli Məclisin sədri Oqtay Əsədovun Sankt-Peterburqa səfəri çərçivəsində Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşündə qarşılıqlı münasibətlərin bir sıra istiqamətləri ilə yanaşı, parlamentlərarası əlaqələrin perspektivləri barədə də fikir mübadiləsi aparılmışdır. Regionda, eləcə də dünyada böyük əhəmiyyət kəsb edən və beynəlxalq aləmin diqqət mərkəzində olan iri enerji layihələri ilə bağlı məsələlər də söhbətin əsas mövzularından olmuşdur. Nino Burcanadze Gürcüstanda yaranmış enerji böhranları zamanı Azərbaycanın onlara həmişə kömək etdiyinə görə Azərbaycan xalqına və Prezident İlham Əliyevə bir daha minnətdarlığını bildirmişdir.
Azərbaycanın parlament nümayəndə heyəti aprelin 28-də Sankt-Peterburqda “Avropa parlamentarizmi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfransda da iştirak etmişdir.
Səfər zamanı nümayəndə heyətinin üzvləri Sankt-Peterburqun mərkəzində ümummilli lider Heydər Əliyevin xatirə barelyefinin olduğu binanın qarşısına gələrək, tər çiçəklər düzmüşlər. Nümayəndə heyətinin üzvləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsini də ziyarət etmişlər.
Elə həmin gün Milli Məclisin sədri Oqtay Əsədov Sankt-Peterburqdakı Azərbaycan diasporunun üzvləri ilə görüşmüşdür. Görüşdə diasporun fəaliyyətinin daha da gücləndirilməsi və bu sahədə qarşıda duran vəzifələr müzakirə olunmuşdur.