AZƏRBAYCANIN RUMINİYADAKI SƏFİRLİYİNİN KONSULLUQ ŞÖBƏSİ ÜÇÜN YENİ BİNA İSTİFADƏYƏ VERİLMİŞDİR
Rumıniya-Azərbaycan Dostluq Cəmiyyəti, Rumıniya-Azərbaycan Ticarət Palatası, Rumıniya-Azərbaycan Gənclər Dostluq Assosiasiyası üzvlərinin iştirak etdikləri tədbirdə səfir Eldar Həsənov ölkələrimiz arasında münasibətlərin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırmışdır. Rumıniyanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci dövlət olduğunu qeyd edən səfir, Azərbaycan Respublikasının Şərqi Avropada ilk səfirliyinin də məhz Rumıniyada açıldığını demişdir.
Qeyd olunmuşdur ki, Azərbaycan Prezidenti İlham Əliyevin Buxarestə, Rumıniya Prezidenti Trayan Beseskunun Bakıya uğurlu səfərlərindən sonra əməkdaşlığımız yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.
Azərbaycan-Rumıniya münasibətlərinin bütün sahələrdə sürətlə inkişaf etdiyindən ölkələrimiz arasında gediş-gəlişin artması xüsusi vurğulanmış, məhz buna görə səfirliyin konsulluq şöbəsinin işinin çoxaldığı qeyd olunmuşdur. Bu baxımdan konsulluq şöbəsinin müasir avadanlıqla təchiz edilmiş yeni binasının istifadəyə verilməsi təqdirəlayiq hal kimi qiymətləndirilmişdir.
Tədbirdə çıxış edən Xarici İşlər Nazirliyi mətbuat və informasiya siyasəti idarəsi rəisinin müavini Mətin Mirzə səfirliyimizin Azərbaycan-Rumıniya əməkdaşlığının daha da inkişaf etdirilməsi sahəsində xeyli işlər gördüyünü bildirmişdir.