Azərbaycanın şəhid hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun cənazələri torpağa tapşırılmışdır
Bakı, 7 noyabr (AZƏRTAC). Düşmənlə təmas xəttində şəhid olmuş Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun noyabrın 7-də Şəhidlər xiyabanında dəfn mərasimi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, dəfn mərasimindən əvvəl şəhid hərbçilərimizlə Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində vida mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iştirak etmişdir.
Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuşlar. Prezident İlham Əliyevin Sərəncamı ilə Mübariz İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkənin Prezidenti Dmitri Medvedev, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sarkisyan arasında üçtərəfli görüş keçirilmiş, birgə bəyanat imzalanmışdır. Həmin bəyanatda hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması öz əksini tapmışdı.
Bəyanatın icrası çərçivəsində noyabrın 6-da M. İbrahimovun və F.Əhmədovun meyitləri Azərbaycana qaytarılmışdır.
Mərasimdə hərbçilər, ictimaiyyət nümayəndələri, çoxsaylı vətəndaşlar iştirak etmişlər.
Şəhidlərin ruhuna dualar oxunmuş, “Biz sizinlə fəxr edirik”, “Şəhid ölməz, Vətən bölünməz” nidaları səsləndirilmişdir.
Şəhidlərin cənazələri torpağa tapşırıldıqdan sonra yaylım atəşi açılmış, Azərbaycanın dövlət himni səslənmişdir. Məzarların üzərinə ayrı-ayrı təşkilatlar adından əklillər qoyulmuş, mərasim iştirakçıları tərəfindən tər çiçəklər düzülmüşdür.
######
