AZƏRBAYCANIN STRATEJİ ƏHƏMİYYƏTİ ARTMAQDADIR
Məqalədə deyilir ki, prezidentlər İlham Əliyev və Corc Buş təhlükəsizlik sahəsində əməkdaşlıq, Avropanın qaz təminatı və Azərbaycanda islahatlara dair müzakirələr aparacaqlar. Azərbaycan Prezidenti vitse-prezident Dik Çeyni və müdafiə naziri Donald Ramsfeldlə də görüşəcəkdir.
Ceymstaun Fondunun rəhbəri Glen Hovard deyir ki, Azərbaycanın strateji əhəmiyyəti artmaqdadır. Keçən ilin iyulunda Özbəkistandakı aviabazanın ABŞ-ın əlindən çıxması Əfqanıstana tranzit yol kimi Azərbaycanın rolunu artırmışdır.
Qəzet daha sonra yazır ki, Xəzərdən Aralıq dənizinə qədər uzanan və tezliklə istifadəyə veriləcək Bakı-Ceyhan neft kəməri Azərbaycanın əhəmiyyətinə sübutdur.
İlham Əliyevin ABŞ-a səfəri və Corc Buşla görüşü Azərbaycan üçün mühüm hadisədir. Bu, atasının layiqli davamçısı rolunda İlham Əliyev erasının başlanması kimi qiymətləndirilə bilər.
Mərkəzi Asiya və Qafqaz üzrə mütəxəssis Skott Horton deyir ki, bu gün Rusiyada millətçilik baş qaldırır, Orta Şərqdə isə vəziyyət təhlükəli istiqamət alır. Bu, Xəzər hövzəsindəki neft ehtiyatlarının əhəmiyyətini artırır. Başqa bir ABŞ rəsmisi isə bildirir ki, Birləşmiş Ştatlar Avropa qaz bazarını mümkün qədər çoxşaxəli etmək istəyir, odur ki, Azərbaycana qaz təchizatçısı kimi baxır. ABŞ-ın maliyyələşdirdiyi layihələrdən biri olan Nabukko Azərbaycandan və Mərkəzi Asiyadan Avropaya qaz ixracını nəzərdə tutur.