Azərbaycanın tibb işçiləri “OpenWHO” platformasında keçirilən onlayn kurslarda iştirak edirlər
Bakı, 16 iyun, AZƏRTAC
Azərbaycanın tibb işçiləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) dəstəyi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “OpenWHO” platformasında onlayn öyrənmə imkanları təqdim edən kurslarda fəal iştirak edirlər.
AZƏRTAC TƏBİB-ə istinadla bildirir ki, müvafiq maarifləndirmə və texniki dəstək sayəsində son yarım ildə həmin platformada kurslar üçün qeydiyyatdan keçmiş azərbaycanlı səhiyyə işçilərinin sayı on dəfə artaraq 18 minə çatıb. Avropa İttifaqı (Aİ) və ÜST-nin birgə keçirilən layihələri çərçivəsində 50 tibb müəssisəsi və tibb işçisi davamlı tibbi təhsil istiqamətində fəal iştiraka görə təltif olunub.
“OpenWHO” platformasında təqdim edilən onlayn kurslara qoşulmuş tibb müəssisələri arasında Ucar Rayon Mərkəzi Xəstəxanası, Yevlax Rayon Mərkəzi Xəstəxanası, Respublika Klinik Xəstəxanası, Bakı şəhəri 20 saylı və 2 saylı uşaq poliklinikaları fəal iştirak edib.