AZƏRBAYCANIN VƏ TÜRKİYƏNİN DAXİLİ İŞLƏR ORQANLARI ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR
Ramil Usubov onun dəvətini qəbul edib Bakıya gəldiyinə görə həmkarına təşəkkür etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında və genişlənməsində böyük xidmətləri olduğunu və əməkdaşlığın bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamış və bu səfər əlaqələrimizin daha da güclənməsinə təkan verəcəyini bildirmişdir. O, beynəlxalq terrorizmə, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələr qaçaqmalçılığına qarşı mübarizənin zəruriliyini xatırlatmış, ölkəmizin bu sahədə Türkiyənin təcrübəsindən faydalandığını söyləmişdir. İki ölkənin daxili işlər nazirlikləri arasında əlaqələrin çox sürətlə inkişaf etdiyini vurğulayan Ramil Usubov bildirmişdir ki, Azərbaycan DİN-in 200-dən çox əməkdaşı qardaş ölkədə təhsil almışdır və hazırda onlar daxili işlər orqanlarında çalışırlar. Türkiyə mütəxəssisləri tərəfindən 1000-dən çox əməkdaşa seminar-treninqlər keçilmişdir.
Türkiyənin daxili işlər naziri Əbdülqədir Aksu dəvətə və səmimi görüşə görə minnətdarlığını bildirmiş, iki qardaş ölkənin hüquq mühafizə orqanlarının arasındakı əməkdaşlığın səviyyəsindən məmnunluğunu və bütün sahələrdə əlaqələrin bundan sonra da inkişaf edəcəyinə əminliyini söyləmişdir.
Cənab Əbdulqədir Aksu ikitərəfli münasibətlərin inkişafında ulu öndər Heydər Əliyevin tarixi xidmətlərini xatırlatmış, beynəlxalq terrorizmlə mübarizədə Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək demişdir ki, bu işdə qarşılıqlı əməkdaşlıq bundan sonra da davam etdiriləcəkdir. O, bu sahədə öz ölkəsində də ciddi tədbirlərin görüldüyünü bildirmiş, qanunsuz miqrasiya və insan oğurluğu ilə mübarizədə birgə əməkdaşlığın zəruriliyini vurğulamışdır.
Görüşdə nazirliklər arasında əlaqələrin daha da inkişaf etdirilməsi, birgə kadr hazırlığı, təcrübə mübadiləsi, eləcə də terrorizmə və mütəşəkkil cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi məsələlərinə də toxunulmuşdur.
Görüşdən sonra nazirlər mətbuat üçün verdikləri açıqlamada bildirmişlər ki, Türkiyə-Azərbaycan münasibətlərinə dair bir sıra məsələlərlə yanaşı, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı əlaqələrin vəziyyəti, inkişaf perspektivləri barədə də fikir mübadiləsi aparılmışdır. Ölkələrimizin suverenliyinə və ərazi bütövlüyünə, regionda əmin-amanlığa və sabitliyə ciddi təhlükə yaradan terrorçuluq, silahların və narkotiklərin qanunsuz dövriyyəsi, habelə transmilli mütəşəkkil cinayətkarlığın digər növləri ilə mübarizə məsələlərində tərəflərin tam yekdil fikirdə olduğu bir daha təsdiqlənmişdir.
Terrorçuluqla mübarizənin yalnız beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi sayəsində uğurlu olacağını vurğulayan nazirlər bu sahədə məlumat mübadiləsini və təhsildə əməkdaşlığı da əhatə edən birgə konsepsiya həyata keçirməyi qərara aldıqlarını bildirmişlər.
Ramil Usubov və Abdülqədir Aksu Azərbaycanın və Türkiyənin daxili işlər nazirlikləri arasında əməkdaşlığa dair protokol imzalamışlar.