ELM VƏ TƏHSİL
AZƏRBAYCANIN YAŞLI ƏHALİSİNİN YENİDƏN İXTİSAS ALMASI PROQRAMI HƏYATA KEÇİRİLİR
Almaniya Xalq Universitetləri Assosiasiyasının (AXUA) Beynəlxalq Əməkdaşlıq İnstitutu Azərbaycanın yaşlı əhalisinin yenidən ixtisas alması proqramı çərçivəsində fəaliyyətini davam etdirir. Bunu AZƏRTAC-ın müxbirinə AXUA-nın ölkəmizdəki milli əlaqələndiricisi Fuad Muradov bildirmişdir.
Onun sözlərinə görə, həmin proqram çərçivəsində ali təhsilli şəxsləri müasir tələblərə uyğunlaşdırmaq məqsədi ilə peşə hazırlığı kursları təşkil olunur.
F.Muradov demişdir: ”Biz Sovet İttifaqının ali məktəblərində təhsil almış orta yaşlı və ahıl şəxslərin bazar iqtisadiyyatı şəraitində işlə təmin olunmaları üçün səriştə qazanmalarına kömək etməyə çalışırıq”.
Belə layihələr Almaniya Xarici İşlər Nazirliyinin və Avropa Birliyinin dəstəyi ilə artıq 30 ildir həyata keçirilir.
AXUA-nın bu fəaliyyətini yaşlıların Təhsili üzrə Beynəlxalq Mərkəz, habelə YUNESKO da dəstəkləyir.