Azərbaycanla imzalanmış enerji müqavilələri Səudiyyə Ərəbistanı KİV-lərinin diqqət mərkəzində
Qahirə, 30 dekabr, AZƏRTAC
Dekabrın 29-da Azərbaycan Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanının “ACWA POWER” şirkəti arasında, həmçinin şirkətlə “Azərenerji” ASC arasında 240 MVt gücündə külək elektrik stansiyası layihəsi ilə bağlı müqavilələrin imzalanması Krallığın KİV-ləri tərəfindən geniş işıqlandırılıb.
AZƏRTAC xəbər verir ki, Səudiyyə Ərəbistanının “Saudi TV 1 və “Al Akhbariya” televiziya kanalları Azərbaycanla Krallıq arasında iqtisadi, o cümlədən OPEC+ çərçivəsində əməkdaşlıqdan bəhs edən reportajlar, Krallığın energetika naziri, şahzadə Əbdüləziz bin Salman Əl Səudun bununla bağlı müsahibəsini yayımlayıb.
Azərbaycanla Səudiyyə Ərəbistanı arasında imzalanmış müqavilələr Krallığın rəsmi SPA informasiya agentliyi, “Əl-Cəzirə”, “Saudigazette” və “Arabnews” qəzetlərinin baş xəbəri kimi dərc edilib. Bundan başqa, “Əl-Cəzirə” qəzetində dərc olunmuş məqalədə yerli iqtisadi analitiklərin “ACWA POWER” şirkətinin ölkəmizdə fəaliyyətinin perspektivlərinə dair şərhləri də yer alıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə