CƏMİYYƏT
Azərbaycanla Macarıstan arasında əczaçılıq sahəsində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub
![Azərbaycanla Macarıstan arasında əczaçılıq sahəsində əməkdaşlığın inkişaf imkanları müzakirə olunub](/files/2022/3/1200x630/16674869714425050830_1200x630.jpg)
Bakı, 3 noyabr, AZƏRTAC
Səhiyyə Nazirliyində farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib. Görüşdə, həmçinin Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torman da iştirak edib.
AZƏRTAC nazirliyin mətbuat xidmətinə istinadla bildirir ki, görüşdə səhiyyə naziri Teymur Musayev ölkələrimiz arasında bir çox sahələrdə geniş əməkdaşlıq əlaqələrinin mövcud olduğunu diqqətə çatdırıb. Nazir çıxışında innovasiyaların iqtisadi və sosial inkişafın əsas təkanverici qüvvəsi olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu gün səhiyyədə innovativ yanaşma və innovasiyaların tətbiqi zamanın tələbidir.
Bildirilib ki, əczaçılıq sənayesi dünya iqtisadiyyatının ən çox bilik tələb edən yüksək texnologiyalı və eyni zamanda, sürətlə inkişaf edən seqmentlərindən biridir. Macarıstan əczaçılıq məhsullarının hər zaman yüksək keyfiyyətinə görə seçildiyini vurğulayan nazir ikitərəfli münasibətlərin bundan sonra da uğurlu və dinamik inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.
Sonra farmasevtika sahəsi üzrə fəaliyyət göstərən Macarıstan şirkətlərinin nümayəndələri öz məhsulları haqqında ətraflı məlumat veriblər. Onlar Azərbaycan ilə əczaçılıq sənayesi sahəsində əməkdaşlığın daha da yüksək səviyyəyə yüksəlməsində maraqlı olduqlarını vurğulayıblar.
Qarşılıqlı anlaşma mühitində keçən görüş zamanı əczaçılıq sahəsində əməkdaşlığın mövcud vəziyyəti və potensial inkişaf imkanları müzakirə olunub.