AZƏRBAYCANLI ALİM GÜRCÜSTAN MEA-NIN HƏQİQİ ÜZVÜ SEÇİLMİŞDİR
Akademiyanın prezidenti Vladius Ramişvili azərbaycanlı alimə diplomu təqdim etmiş, ona yaradıcılıq uğurları arzulamışdır. V.Ramişvili Gürcüstan və Azərbaycan xalqları arasında dostluqdan, iki ölkə alimlərinin əməkdaşlığından və elmi əlaqələrindən danışaraq demişdir ki, bütün Qafqazın qarşılaşdığı ağrılı-acılı problemlərini dostluğu ancaq daha da dərinləşdirməklə aradan qaldırmaq olar.
Rövşən Mustafayev belə nüfuzlu akademiyaya həqiqi üzv seçilməyindən məmnunluq duyduğunu qeyd edərək demişdir: ”Müasir vəziyyət münasibətlərimizi yeni səviyyəyə qaldırmağı tələb edir. Separatizm həm Azərbaycanı, həm də Gürcüstanı ərazi münaqişələrinə cəlb etmişdir. Qafqaz dünyanın cənnət guşəsidir, buna görə də ona çox pis gözlər tuşlanıb. Biz buna qarşı birgə mübarizə aparmasaq, uğur qazana bilmərik. Ermənistan separatizminin, erməni qəsbkarlığının iç üzü açılır. Bütün xalqa pis demək olmaz. Lakin ermənilərin ideoloqları öz xamxəyalları ilə bu milləti çox pis yola sürükləyirlər. Onlar mədəni təxribatdan əl çəkmək istəmirlər. Buna görə də biz alimlər birləşib, onların tarixi, mədəniyyəti saxtalaşdırmalarının qarşısını almalıyıq. Prezidentimiz İlham Əliyev daim Azərbaycan alimlərini erməni qəsbkarlığı və saxtakarlığı barədə dünya ictimaiyyətinə həqiqəti çatdırmağı tövsiyə edir”.
Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev azərbaycanlı alimi bu yüksək ada layiq görənlərə təşəkkürünü bildirmişdir.