ELM VƏ TƏHSİL
Azərbaycanlı alim qrant layihəsi çərçivəsində xarici ölkədə ezamiyyətdə olmuşdur
Bakı, 26 avqust (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya İnstitutunun torpaqların meliorasiyası laboratoriyasının rəhbəri, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, dosent Mustafa Mustafayev Belarusun Minsk şəhərində ezamiyyətdə olmuşdur.
Mustafa Mustafayev AZƏRTAC-a bildirmişdir ki, səfərin məqsədi Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun “Sel suları altında qalmış ərazilərdə torpaqların münbitliyinin bərpası” üzrə qrant layihəsi əsasında görülmüş işlər, alınmış nəticələr, torpaqların münbitliyinin artırılması məqsədi ilə hazırlamış tədbirlər sistemi və nəticələrinin müqayisəli təhlili olmuşdur.
Ezamiyyət müddətində M.Mustafayev Belarus Milli Elmlər Akademiyasının (BMEA) Meliorasiya İnstitutunda, BMEA-nın Elmi-Praktiki Mərkəzində, Qorki şəhərindəki Belorus Kənd Təsərrüfatı Akademiyasında və Qoreski rayonundakı Masalaki kəndində fəaliyyət göstərən kolxozun təsərrüfatında olmuşdur.
Səfər çərçivəsində azərbaycanlı alim BMEA-nın Meliorasiya İnstitutunda direktoru Nikolay Krilloviçin rəhbərliyi ilə keçirilmiş seminarda iştirak etmişdir. Seminarda N.Krilloviç meliorativ işlərin aparılması, yeni elmi nəticələrin tətbiqi və s. barədə ətraflı məlumat vermiş, görülmüş işlərin Geo İnformasiya Sistemi texnologiyası bazasında aparılmasından söhbət açmışdır.
Görüşdə M. Mustafayev Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişaf Fondunun “Sel suları altında qalmış ərazilərdə torpaqların münbitliyinin bərpası” üzrə qrant layihəsinin yerinə yetirilməsi, alınmış nəticələr, çöl işlərini əks etdirən fotoşəkillər və s. haqqında ətraflı məlumat vermişdir. Tədqiqatların müxtəlif bitkilər və xam torpaqlarda aparılması, əkin dövriyyəsinin tətbiqi, yerli və Ukrayna Əkinçilik İnstitutunun təklif etdiyi gübrələrdən istifadə edilməsi daha maraqla qarşılanmışdır. Müzakirələr zamanı alınmış nəticələrin Azərbaycanda müxtəlif dərəcədə şorlaşmış və şorakətləşmiş torpaqlarda müqayisəsi tədqiqatların aparılmasının mövcud metodikalara uyğun olması təsdiq edilmişdir.